BAKI, 14 iyul — Sputnik. Beynəlxalq enerji agentliyinin ( BEA) dünyanın kommersiya neft ehtiyatlarının kritik dərəcədə aşağı səviyyədə qaldığını bildirən son hesabatı ilə əlaqədar bazarda neftin qiymətinin növbəti artım dalğası gözlənilir.
Azeri Light markalı Azərbaycan neftinin qiyməti 14 iyul cümə axşamı günü artıb. Belə ki, Azərbaycan neftinin bir barelinin dəyəri 0,2 % və ya 0,27 $ artaraq 114,18 $ təşkil edib.
Eyni zamanda, səhər hərraclarının nəticələrinə görə neftin etalon markalarının dəyəri aşağı düşür. Cümə axşamı Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 99,43 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,14% çoxdur.
WTI markalı neftin avqust ayı üçün fyuçerslərinin qiyməti bir barel üçün 96,02 $ təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,29% aşağıdır.
Neft ehtiyatları azalır
Beynəlxalq Enerji Agentliyinin (BEA) iyul ayı üçün hesabatına görə, qlobal kommersiya neft ehtiyatları kritik dərəcədə aşağı olaraq qalır. Ehtiyatların son artımı Çində müşahidə olunur. Burada neft emalçıları tətbiq edilən lokdaunlar səbəbindən zəif tələbat fonunda istehsalı azaldıblar.
Agentliyin hesablamalarına görə, qlobal kommersiya neft ehtiyatları may ayında cüzi - 5 milyon barrel artıb, çünki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə olan ehtiyatlardakı kəskin artım, İƏİT ölkələrinin daha az miqdarda ehtiyatları və tankerlərdə üzən neftlə kompensasiya edilib.
"Aİ-nin Rusiya neftinə tətbiq etdiyi embarqo ilin sonunda tam qüvvəyə mindiyi üçün neft bazarı yenidən sərtləşə bilər.
Asanlıqla əldə edilə bilən ehtiyat gücləri istər hasilat, istərsə də emal sektorunda tükəndiyi üçün, istehlakın azaldılması və yanacağın qiyməti ilə bağlı tələb tərəfindən tədbirlər tələb oluna bilər ki, bu da xüsusilə bazarı hələ formalaşmaqda olan ölkələrdə sabitliyə təhlükə yaradır", - deyə BEA-nın hesabatında bildirilir.
Neft qiymətlərinin tavanından imtina edilməsinə qarşı sanksiyalar olmayacaq
Maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, Vaşinqton Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün təklif olunan sxemə qoşulmaq istəməyən ölkələrə və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Adeyemo, "Rusiyadan neft almağa davam edən ölkələr rəsmi olaraq koalisiyaya qoşulmamaq qərarına gəlsələr belə, neftə görə Rusiyaya mümkün qədər az pul ödəyəcəklər, çünki heç kim neftə lazım olduğundan artıq pul ödəmək istəmir" deyib.
Xəbər verdiyimiz kimi, ABŞ maliyyə naziri Janet Yellen Rusiyaya qarşı sanksiyaları və Rusiya Federasiyasından neft qiymətlərinə tavan tətbiqini müzakirə etmək üçün bu həftə Asiyaya səfər edir. Onun fikrincə, belə bir sxem Rusiya yanacağını dünya bazarında saxlamaqla Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmağa imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.