BAKI, 14 iyul — Sputnik. Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb. İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 naməlum hepatit xəstəsi olub. Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda isə xəstələrdə həmçinin SARS-CoV-2 koronavirusu da aşkarlanıb, lakin xəstəliklər arasında əlaqənin olub-olmaması hələ müəyyən edilməyib.
Uşaqlar arasında naməlum hepatitin yayılması xəbəri valideynlər arasında təşviş yaradıb. Hər kəs naməlum hepatitin uşaqlara necə və hansı yollarla keçməsindən narahatdır.
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılmış hepatitin mənşəyi və necə keçdiyi adından da göründüyü kimi naməlumdur. A.Musayev hələ ki, Azərbaycanda uşaqlar arasında naməlum hepatitə rast gəlinmədiyini söyləyib.
Onun sözlərinə görə, bəzən uşaqlarda anadangəlmə hepatit aşkarlanır. Bunun da səbəbi əksər hallarda infeksiyalar olur.
A.Musayev uşaqlarda hepatitin A növünə daha çox rast gəlindiyini söyləyib. O, bildirib ki, hepatit-A virusuna su və qida ilə yoluxmaq mümkündür:
"A hepatitinə hər kəsin yoluxma riski var. Hər kəs Hepatit-A-ya yoluxur və immunlaşır. Bu hepatit növü təhlükəli deyil".
Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik Azərbaycanda naməlum mənşəli hepatitə yoluxma faktı qeydə alınmayıb:
"Naməlum hepatit odur ki, onun nədən yarandığı araşdırılmayıb. Yəni bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb. Bizdə hələ ki, naməlum hepatitə rast gəlinməyib. Hepatitin A, B, C növlərindən fərqli olaraq naməlum hepatitin mənşəyi bəlli deyil".
F.Sədirov onu da bildirib ki, uşaqlar naməlum hepatitə ağız və təmas vasitələri ilə yoluxa bilər.
Xatırladaq ki, uşaqlar arasında hepatitin nadir növünə ilk 5 yoluxma halı martın 31-də Şotlandiyada qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, həmin uşaqlar arasında hepatitin A, B, C, D, E növləri aşkarlanmayıb. Onlar arasında hepatitin ən nadir növü aşkarlanıb. Şotlandiyalı həkimlər jurnalistlər üçün təşkil olunan brifinqdə bildiriblər ki, onlar adətən il ərzində hepatitin nadir növü üzrə 4 ya 5 belə hal aşkarlayırlar.
ÜST-ün məlumatına görə, artıq Böyük Britaniyada uşaqlar arasında bu virusa yoluxma sayı 114-ü ötüb. Növbəti ən çox yoluxma halı isə İspaniyada aşkarlanıb. Belə ki, İspaniyada 13, İsraildə 12, ABŞ-da 9, Danimarka, İrlandiya, Niderland, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika kimi ölkələrdə isə daha az yoluxma halı qeydə alınıb.
Yoluxma halı yeni doğulmuşlarla 16 yaşadək olanlar arasında qeydə alınıb. Lakin əksər yoluxma halları 10 yaşdan kiçik olanlar arasında aşkarlanıb. Bu uşaqlarda əsasən sarılıq, ishal, qusma əlamətləri müəyyən olunub və bununla bağlı valideynləri həkimə müraciət ediblər.