SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Bu il Azərbaycan-Fransa dövlətlərarası əlaqələrinin tarixində əlamətdar ildönümüdür. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari ildə biz ötən dövr ərzində əldə etdiyimiz nailiyyətlərə nəzər salır, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanlarını araşdırırıq. Hesab edirəm ki, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər vardır.
Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır. Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq.
İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalmaqdadır. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olmuş və ya ağır xəsarət almışdır. Biz ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edir, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin lazımi dəstək göstərəcəyinə ümidvarıq.
Dərin hörmət və ehtiramlarımı izhar edirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.