BAKI, 14 iyul — Sputnik. Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsini dəstəkləmək üçün Azərbaycanla saziş bağlamağı təklif edib. Bu barədə "Reuters"in nəzərdən keçirdiyi saziş layihəsində qeyd edilir.
Qarşılıqlı anlaşma memorandumu layihəsi müvafiq hökumətlərin təsdiqini tələb edir və dəyişdirilə bilər.
Memorandumu müzakirə etmək məqsədilə Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır.
"Tərəflər ikitərəfli təbii qaz ticarətini, o cümlədən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına ixrac vasitəsilə 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazar tələblərinə uyğun olaraq hər il ən azı 20 milyard kubmetr qaz həcmində dəstəkləməyi hədəfləyirlər", – deyə sənəddə deyilir.
Azərbaycanda qaz hasilatı və ixracı artır
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda qaz hasilatı 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,3% çoxdur. 2021-ci ilin yekunlarına əsasən qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.
Bununla yanaşı, bu ilin ilk 5 ayı ərzində Azərbaycandan qaz ixracı 27% artaraq 9,4 milyard kubmetrə çatıb. Belə ki, qaz ixracının 48%-i Avropanın, 38%-i Türkiyənin, 14%-i isə Gürcüstanın payına düşüb.
Azərbaycan qazının "Cənub Qaz Dəhlizi" ilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
TAP Azərbaycandan hər il 10 milyard kubmetr təbii qazı Avropa bazarlarına nəql edəcək birləşdirici layihə olan "Cənub Qaz Dəhlizi"nin Avropa qoludur. Boru kəmərinin potensialı onun ötürücülüyünü iki dəfə, ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.