BAKI, 13 iyul — Sputnik. "İlk Media" şirkətinin rəhbəri, aparıcı İlkin Həsəni benzin qiymətlərinin qalxmasına etiraz edib. Bu barədə o, sosial media hesabında paylaşım edib:
"Ay qardaş, dəyişiklik olar 5-10 qəpik. Birdən-birə 40 qəpik artması bildiyin qalxmaqdır, qalxmaq". Aparıcı əlavə edib ki, həftəlik xərcliyə 30 manat da əlavə olundu.
Qiymət artımına müğənni Nura Suri də münasibət bildirib. O, benzinin dalınca su və ərzaq qıtlığının gözlənildiyinidə təəssüf hissi ilə qeyd edib.
Qeyd edək ki, xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb. Belə ki, "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98" markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.