DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyanın sui-qəsd nəticəsində öldürülmüş sabiq baş naziri bu gün kremasiya edilib

Şinzo Abe ilə vidalaşmaq üçün məbədə yüzlərlə insan gəlib. Ölkədə dövlət bayraqları endirilib.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Yaponiyanın sabiq Baş naziri Şinzo (Sindzo) Abe bu gün dəfn edilib.
Əvvəlcə Tokionun ən qədim məbədlərindən sayılan Dzodzyodzidə məhdud sayda insanın iştirakı ilə mərasim keçirilib.
Buna baxmayaraq sabiq Baş nazirlə vidalaşmaq üçün məbədə yüzlərlə insan gəlib.
Abenin nəşi paytaxtın küçələrində gəzdirilib. Onun cəsədi Tokionun dəfn zallarından birində kremasiya olunub. Ölkədə dövlət bayraqları endirilib.
Şinzo Abe iyulun 8-də Yaponiyanın Nara şəhərində küçə tamaşası zamanı hücuma məruz qalıb.
Hücum edən 41 yaşlı Tetsuya Yamaqami siyasətçinin arxasına, təxminən 10 metr məsafədən iki atəş açıb.
Nara Tibb Universitetinin xəstəxanasına çatdırılan Abe 5 saat sonra dünyasını dəyişib. Mərhum siyasətçinin 67 yaşı var idi.
Yaponiya mediası ona hücum edən şəxsin saxlanıldığını xəbər verib. Polis Yamaqami Tetsuyanı adam öldürməyə təşəbbüsə görə həbs edib. İstintaq mənbələri hadisə yerində ələ keçirilən silahın əldəqayırma olduğunu bildirib.
41 yaşlı şübhəli cinayətin baş verdiyi Nara şəhərində yaşayır. Şübhəlinin 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət etdiyi bildirilir. Polis bildirir ki, şübhəli şəxs müstəntiqlərə keçmiş baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək niyyətində olduğunu deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
FOTO
Şinzo Abenin xatirəsinə - Fotolar