BAKI, 11 iyul - Sputnik. İyulun 11-i Dünya Əhali Günü kimi qeyd olunur. Bu gün 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən Əhali Fondu tərəfindən təsis edilib. Məqsəd dünya əhalisinin məsələləri ilə bağlı məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Azərbaycanda da əhalinin məsələləri daim diqqət mərkəzindədir. Bu sahədə dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış mənfi meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət, keyfiyyət artımını təmin etməkdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiqlənib və həyata keçirilib.
Həmin Proqram çərçivəsində dövlətimizin başçısının müvafiq Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 2006-cı il dekabrın 28-də isə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiqlənib.
Qeyd edək ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 23 748 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,0-dan 7,2-yə düşüb.
Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.