CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir - Səbəb əlahəzrət futboldur!

Qeyd edək ki, Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə minimal hesabla məğlub olmuşdu.
Sputnik
BAKI, 11 iyul - Sputnik. "Bakı Metropoliteni" QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Buna səbəb isə "Qarabağ" futbol komandasının paytaxtda Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunudur.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək.
Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.
Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə minimal hesabla uduzub - 0:1.
Komandamıza uğurlar arzu edirik!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.