HADİSƏ

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

İnsanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladılır ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Sputnik
BAKI, 10 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələrək bəzi ərazilərdə 40°-dək artacağı, eləcə də arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.
Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun, eləcə də güclü küləyin yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Bundan əlavə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".