BAKI, 10 iyul - Sputnik. Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:
"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".