BAKI, 9 iyul — Sputnik. Uzun illər Şamaxıda fəaliyyət göstərən, indi isə baxımsız qalan "Şirvan" kinoteatrı son günlərini yaşayır. Hər an üçmaq təhlükəsi olan, xarabalığı xatırladan bu binada saysız-hesabsız filmlər nümayiş etdirilib. İki mərtəbədən ibarət olan bu tarixi tikili, dönəmin ən məşhur mədəniyyət ocağlarından hesab olunub.
Şamaxı sakinlərinə mədəni xidmət göstərən bu bina 1960-cı ildə istfadəyə verilib. Kinoteatrın açılışı ilə əlaqədar Şamaxı sakinlərinə pulsuz olaraq "Dədə Qorqud" filmi nümayiş olunub.
Yaşlı nəslin nümayəndələrindən biri olan, Şamaxı sakini Mübariz Ələkbərovun sözlərinə görə, vaxtilə bura o qədər maraq olub ki, insanlar günlərlə bilet növbəsində dayanıblar. Təəssüf ki, bir müddət kinoya və kinoteatrlara marağın azalması, eləcə də müvafiq qurumların binaya ögey münasibət bəsləməsi, işi bu yerə gətirib çıxarıb:
"Bizə doğma olan bu bina indi gözdağıdır. Qapı-pəncərələr yararsız hala düşüb, divar, tavan və döşməsində irili-xırdalı yarıqlar ortaya çıxıb. İlin bütün fəsillərində yerli və xarici türistlərin üz tutduqları Şamaxının mərkəzində olan bu tikili bərbad haldadır".
Şamaxının digər sakini Orxan Xudaverdiyev isə kinoteatrın oturacaqlarının və əşyalarının tullantıya çevrildiyini bildirib. O, dağılmaqda olan bu binanın acınacaqlı vəziyyətə düşməsi bir yana, buranın sanitar qovşağı kimi istifadə olunmasının utancverici olduğunu deyir:
"Əgər bu bina heç nəyə yaramırsa, müvafiq orqanlar tərəfindən sökülsün, bərpa etmək mümkündürsə, işə başlasınlar. Bu vəziyyət nə özümüzə, nə qonaqlarımıza, nə də ədiblər yurdu olan qədim Şamaxımıza yaraşır".
Mövcüd vəziyyətlə bağlı İsmayıllı Regional Mədəniyyət mərkəzinin Şamaxı bölməsindən bildirdilər ki, 2014-cü ildə tikili Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin balansından çıxarılacaq Gənclər və İdman Nazirliyinə verilib. Bundan sonra həmin binanın yerində "Gənclər evi"nin tikintisi nəzərdə tutulsa da, sonradan qərar dəyişib. Məsələ ilə bağlı Şamaxı rayon İcra hakimiyyətindən açıqlama vermək istəmədiklərini bildiriblər.