RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Ukraynanın itkilərini açıqladı: Kiyevin təkcə 1500-dən çox PUA-sı məhv edilib

Rusiya Hava Kosmik Qüvvələri Amerikanın 155 mm-lik M777 haubitsaları və 30-a qədər ukraynalı döyüşçünün olduğu anqar məhv edib.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Rusiya Hava Kosmik Qüvvələri ABŞ-ın M777 haubitsalarının yerləşdiyi anqarı məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Çasov Yar yaşayış məntəqəsi ərazisində Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Donetskdə yaşayış məntəqələrini atəşə tutan Amerikanın 155 mm-lik M777 haubitsaları və 30-a qədər ukraynalı döyüşçünün olduğu anqar məhv edib", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, ötən sutka ərzində Rusiya Hava Kosmik Qüvvələrinin Su-35 və MiQ-31 təyyarələri Nikolayev vilayətinin Bereznoqovatoye və Çervonaya Dolina yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25-i vurublar.
O da qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Dolqenka, Brajkovka, Zelenoe, Yakovenkovo, Peski-Radkovski, Qruşevka, Çervoni Oskol, Donetsk vilayətinin Donetsk və Svyatoqorsk yaşayış məntəqələrində son sutka ərzində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını məhv edib.
Ümumilikdə Rusiya müharibə başlayandan indiyə kimi Ukraynanın 1500-dən çox pilotsuz uçan aparatını (PUA) məhv edib.
Rusiya MN müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi itkiləri də açıqlayıb:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 239 təyyarə, 137 helikopter, 1503 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3994 tank və digər zirehli döyüş texnikası, 738 reaktiv yaylım atəşi raket sistemləri, 3117 səhra artilleriya qurğusu və minaatan, həmçinin 4099 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.