BAKI, 9 iyul — Sputnik. Panik-atak yaşı cavanlaşıb və bu problem geniş yayılıb. Çünki bu gün uşaq depressiyası, uşaq intiharları da var. Yaxud da baxırsan ki, 70 yaşlı biri özünə qapanıb, depressiya yaşayır.
Bunu tanınmış psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, panik-atakın yaranmasını sırf pandemiya ilə əlaqələndirmək olmaz. İstənilən psixoloji problemlərin böyük əksəriyyəti insanın yaşamış olduğu narahatlığa bir reaksiyadır. Kiminsə ailədə, işində bir problemi olanda bəzən özünə qapanır və depressiyaya düşür.
Elnur Rüstəmovun sözlərinə görə, hansısa narahatlığı olan şəxsdə həyəcan və zamanla panik-atak yaranır:
"Panik-atak da birdən-birə yaranmır. Panik-atak yaşayanların sayında çoxalmaların olmasının səbəbi də hazırkı həyat tərzimizdir. Biz qəbul etməliyik ki, sürətli yaşam zamanındayıq, stress faktoru yüksəkdir. İnsan dəyişikliyi idarə etməkdən yorulur".
"Gün ərzində o qədər informasiya alırıq və bunun hamısını beynimizdə emal edə bilmirik. Nəticədə emosinal reaksiyalar artır, əsəbləşirik, aqressivləşirik, ürək döyüntüləri artır. Panik-atak, panik pozuntu, həyəcan-təşviş, depressiya və s bu kimi problemlərin artma səbəbi çağdaş dövrümüz, həyat tərzimizlə bağlıdır", - deyə o əlavə edib.
O bildirir ki, vəziyyətdən çıxış yolu olaraq psixoloji maarifləndirmə işləri aparılmalıdır: "Bağçalardan ali məktəbələrədək, ümumilikdə bütün sferalarda bu maarifləndirmə işləri aparılmalıdır".
E.Rüstəmovun fikrincə, özümüz çıxış yolları tapmalıyıq:
"Məsləhət vermək asandır ki, onu etmə, bunu etmə. Amma özümüz bir çxış yolu tapmalıyıq. Baxın, məsələn biz telefonda zaman keçirtməyi tənzimləyə bilmirik. Çünki həyatımız telefondan asılıdır və işimizin böyük hissəsini məhz bununla idarə edirik. Amma zamanı doğru idarə etməyə çalışmalıyıq. Təbii ki, telefon vaxtımızı alırsa, bizi işimizdən, ailəmizdən uzaqlaşdırırsa, bu artıq problemdir. Yaxud da, sükan arxasında telefonda danışaraq qəza vəziyyəti yaradırıqsa, bu özü də böyük problemdir".
"İsitrahətə gediriksə, istirahət etməliyik, evə gediriksə, orada daha dəyərli zaman keçirməliyik. Yaxud da ki, uşaqla zaman keçirirksə, bunu daha maraqlı etməliyik. Hər birimiz zamana uyğun gördüyümüz işə fokuslanmalıyıq. Bu keyfiyyətləri cəmiyyətə aşılamalıyıq", - deyə o əlavə edib.
Mütəxəssis bildirir ki, heç bir işi olmayan şəxsin internet asılılığı, bu şəbəkədə boş zaman keçirməsi özü belə problemdir: "Çünki bu şəxslər ünisyyət qurmur, daha aqressivdirlər".