CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marşrut xətləri üzrə daşınma xərci 20 qəpik olmalıdır

Barselonanın ağıllı nəqliyyat modeli Azərbaycan üçün keçərli ola bilərmi?
Sputnik
BAKI, 9 iyul — Sputnik. Son vaxtlar kütləvi yol-nəqliyyat hadisələrinin baş verməsi nəqliyyat, infrastrukturu ilə bağlı bir sıra problemləri yenidən aktuallaşdırıb. Qəzaların sayını azaltmaq, nəqliyyatın intellektual hərəkətini təmin etmək, daha ağıllı sistem qurmaq üçün nə etmək lazımdır?
Suallarımızı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov cavablandırıb.
- Yollarda ölüm kabusu dolaşır. Biz bunun qarşısını almaq üçün nə etməliyik?
- İllər öncə nəqliyyatın təhlükəsizliyinin təminatı üçün Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi yaradıldı. Böyük ümidlərimiz var idi ki, bu mərkəzin yaradılması ilə qəzaların sayı azalacaq. Lakin bu sistem işlək olmadığı üçün Bakıda qəzaların sayını azalda bilmədik. Artıq NİİM Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Bu qərarı daha doğru hesab edirəm. Düşünürəm ki, bunun üçün DİN-də kadrlar var. Lakin payızdan tez biz bununla bağlı hansısa bəhrə görməyəcəyik. NİİM işlək olarsa, həm də ölüm halları minimuma enər. Çünki əksər hallarda qəza zamanı vaxt itkisi ölümlərə səbəb olur.
- Bəs qəzaların baş verməsinin günahkarı kimdir?
- Qəzaların baş verməsində əsas günahkar məsuliyyətsiz sürücülərdir. Bundan başqa, ictimai nəqliyyat vasitələri ilə bağlı reqlamentə əməl olunmaması da bu kimi hadisələrin baş verməsinə səbəb olur. İctimai nəqliyyat vasitəsinə ciddi qulluq edilməli, təhlükəsizliklə bağlı vəziyyətin nə yerdə olması öyrənilməli, sürücü öncədən gedəcəyi marşrutu dəqiqləşdirməli, həmin ərazidə qazıntı, tikinti işlərinin olub-olmamasını öyrənməlidir.
- Şəhəriçi yollarda sürücü məsuliyyətsizliyini hər kəs müşahidə edir. Sizcə avtobus sürücüləri niyə məsuliyyətsizlik edir?
- Son zamanlar sürücülər arasında belə bir ənənə yaranıb, onlar dönmə əməliyyatı zamanı dönmə işığını yandırmırlar. Sürücülər cərimələnmədiyi üçün bu hallar kütləvi olub. Yaxşı olardı ki, bununla bağlı reydlər keçirilsin, həmin sürücülər cərimələnsin, avtomobillər cərimə meydançasına aparılsın.
Belə sürücülər sürücülük hüquqlarından məhrum edilməlidirlər. Bilərəkdən, dəfələrlə dönmə işığının yandırılmaması qəza şəraiti yaradır və bu hərəkət artıq avtoxuliqanlığa bərabər olur. Sürücü məsuliyyətsizliyindən əlavə, yol infrastrukturunun bərbad olması da bu kimi qəzaların baş verməsinə səbəb olur.
- Yol infrastrukturunun bərbad olmasını nə ilə izah etmək olar?
- Təsəvvür edin, yolda asfaltdan başqa heç nə yoxdur. Halbuki yolun avtomobil axını qabiliyyəti, döngələrinin olması, piyada keçidlərinin harada qoyulması, neçə zolaqdan ibarət olması məsələsi də çox önəmlidir. Müasir yolun tələbləri başqadır və biz bunu yalnız asfaltla ölçməməliyik.
Yolda keyfiyyətli təmir, işıqlandırma, hərəkət üçün xətləmələr, yol nişanları yoxdursa, orada saysız-hesabsız çala-çuxurlar varsa, buna müasir dildə yol deyə bilmərik. Bunu yol adlandırırıqsa, o zaman cığır da yol hesab olunmalıdır. Baxın, Hacıqabul magistral yolu heç zaman işıqlandırılmır, yol hər zaman qaranlıqdır. Ən çox qəza da orada baş verir. Quba yolu da bərbaddır. Bu yaxınlarda bir ailənin faciəvi şəkildə həlak olmasının da səbəbi həmin yolun bərbad olması idi.
- Yollarla bağlı indiyədək verilən qərarlardan hansılar özünü doğrultmur?
- Bir neçə ay öncə Ağa Nemətulla küçəsində yolun ortasına bordyurlar düzüldü, təhlükəsizlik adacağı adı ilə yolu daraltdılar. Bu küçə hərəkətli yoldur. Bu küçədə piyada keçidləri də çoxdur. Həmin yolda piyada vurulması, ağır xəsarət halları bunadək də olmayıb. Bu, səmərəsiz planlaşdırma, vətəndaşın nəzərə alınmaması və sürücünün hüququnun pozulmasıdır. Ötən il Əhmədlidə Şirvani küçəsində də bənzər vəziyyət yarandı. Yol daraldıldı və onlarla qəza baş verdi. Bu qəzalardan sonra yol yenidən əvvəlki vəziyyətinə qaytarıldı.
- İctimai nəqliyyatın populyarlaşdırılması istiqamətində nələr edilməlidir?
- Bu istiqamətdə əməli işlər aparılmır və biz bunun sadəcə əksini görə bilirik. Xətlərarası intervalın böyük olması, bu xətlərlə bağlı interaktiv xəritənin olmaması, yəni marşurutun neçə dəqiqəyə dayanacağı yaxınlaşacağı haqda məlumat ala bilməmək problemə səbəb olur. İctimai nəqiyyat vətəndaş üçün daha əlçatan olmalıdır ki, o, əziyyət çəkməsin. Xüsusən də yaşlılar "Bakıkart"lara ödəniş etmək üçün müəyyən məsafə qət etməli olurlar. Onlar internetdən isitfadə etmir və onlayn ödəmə üsulu onlar üçün əlçatan deyil. Belə müxtəlif problemlərlə qarşılaşan vətəndaş bankdan kreditə vəsait götürərək maşın alır. Çıxış yolu olaraq hətta avtobusda belə onun karta pul yükləmək imkanı olmalıdır.
İctimai nəqliyyat şaxələndirilməlidir və biz işimizi yalnız avtobus və metrolarla bitirməməliyik. Tramvay xətti çəkilməlidir. Ziya Bünyadov kimi uzun və problematik küçələrə paralel tramvay xəttinin çəkilməsi də işin yüngülləşməsinə səbəb ola bilər. Bu tramvay xətti rentabelli olmaqla dövlətə, büdcəyə gəlir gətirəcək. Barselona şəhərində yerüstü nəqliyyat minimuma endirilib. Çünki bu şəhərdə yeraltı nəqliyyat olan metro gözəl inkişaf edib. İnsanlar piyada gəzir, velosiped sürürlər. Uzaq məsafələrə gediş üçün yolların hamısı yerin altındadır.
Düşünürəm ki, ictimai nəqliyyat çoxşəxəli olsa, biz şəhəri piyadayönümlü edə bilərik. Funikulyor da sadəcə əyləncə xarakteri daşımamalıdır, o da ictimai nəqliyyatın bir qolu olmalıdır. Bunun üçün bir neçə funikulyor açmaq, eyni zamanda kanat xətləri də yaratmaq olar. Məndə olan məlumata görə, bu yaxınlarda Bakı şəhərində elektriklə çalışan avtobuslar da xəttə buraxılacaq, bu da təqdirəlayiqdir.
- Sizcə Bakıda ictimai nəqliyyatda gedişhaqqı problemi normal həllini tapıb?
- Nəqliyyatda gedişhaqqı üçün "Bakıkart"ı ilə yanaşı debet və digər kartlardan da istifadə etmək olar. "Bakıkart" sistemi artıq keçmişdə qalıb. Bundan başqa, interaktiv xəritə işə salınmalıdır və vətəndaş bilməlidir ki, gözlədiyi marşrut nə zaman dayanacağa yaxınlaşacaq. Hələ də bu günə qədər köhnə avtobuslar istifadədir. Ən çox qəzalar da bu avtobusların iştirakı ilə baş verir. Bu vəziyyətə uyğun olaraq düşünürəm ki, daşınma xərci 20 qəpikdən artıq olmamalıdır. Sərnişin hələ sadəcə avtobusa daxil olmaq üçün bir neçə mərhələ keçməli olur: kartına pul vurmağı bacarmalıdır, bundan sonra nəqliyyat vasitəsinin harada olduğunu bilmədən 30 dəqiqə də dayanacaqda durub avtobusu gözləməlidir. Ona minə bilib-bilməyəcəyi, bu tıxacda mənzil başına normal vaxtda çatıb-çatmayacağı sual altında qalır.
Pandemiyadan öncə deyirdilər ki, şəhərlərarası sürət qatarları olacaq, dəmiryolu təkmilləşdiriləcək. Sürət qatarları olarsa, Bakıda urbanizasiyanın da qarşısını almaq olar.
Bundan başqa, Bakıda xüsusən də pandemiyadan sonra köhnə avtomobillərə tələbatın daha çox artdığını nəzərə alsaq, problemlərin yaranmaması və sağlam ekoloji mühit naminə ekoloji təmiz avtomobillərin alınmasını stimullaşdırmalıyıq. İctimai nəqliyyatı da ekoloji təmiz nəqliyyatla təmin etməliyik.
- Piyada keçidləri ilə bağlı problemləri nə ilə izah etmək olar?
- Bakı şəhərində piyada keçidləri təhlükəli yerlərdə, qəfil döngələrdə qoyulub. Birzolaqlı, dar yolda avtobus dayanacağı qoyublar və taksilər də orada dayanır. Dayanacaq üçün ayrıca bir cib olmalı idi, ya da biri digərindən müəyyən qədər məsafədə yerləşməli idi. Ümumiyyətlə, bu dayanacaqlar hansı planlaşdırmalar əsasında qurulur, bu, mənə maraqlıdır.
- Minik avtomobilinin sayı əhali sayına adekvatdırmı?
- Ölkəmizdə milyon yarımdan bir qədər az minik avtomobili var. Azərbaycan üzrə avtomobil sayı çox olmasa da, Bakı üzrə bu rəqəm yüksəkdir. Təsəvvür edin bu avtomobillərin 70 faizi Bakıda cəmləşir.
- Velosiped yollarının azlığı, xüsusən də velosiped sevənləri məyus edir. Necə etmək olar ki, paytaxtda velosipedlə, skuterlə hərəkət mümkün olsun?
- Ümumiyyətlə, velosiped nəqliyyat vasitəsi kimi Bakıda heç vaxt populyar olmayıb, çünki paytaxt amfiteatr xarakterlidir. Lakin relyefin imkan verdiyi Lənkəran kimi şəhərlərdə velosiped nəqliyyat vasitəsi kimi populyar olub. Bakının müəyyən hissələrdə - avtomobil yolunun üzərində bu yolları qurmaq olardı. Bu sistem mikrarayonlardan mikrorayonlara uzadıla, rayon-rayon ola bilərdi.
Dövlət proqramına əsasən yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında da yazılıb ki, bu cür yolların təşkili avtomobil yolunun üzərində olmalıdır. Lakin nədənsə müvafiq qurumlar piyada yolunun bir hissəsini zəbt edərək orada heç bir standart və müasir tələblərə cavab verməyən velosiped yolları salıb. Bu cür addımlar nəqliyyat vasitəsi kimi velosipedi Bakı şəhərində öldürmək, gələcək perspektivlərini məhv etmək deməkdir. Məsələn, dekorativ və səmərsiz olan bu velosiped yollarını uzaqbaşı yenisi ilə əvəzləyərək avtomobil yolunun üzərində çəkəcəklər. Bəs bunun məsuliyyətini kim üzərinə götürəcək?
Ümumiyyətlə, istirahət yolları və səkilərdə velosiped sürmək düzgün deyil.