BAKI, 9 iyul - Sputnik. 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub.
Bu sözləri AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir:
"XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".
F.Qədirov həmçinin qeyd edib ki, Xəzər dənizi XXI əsrin neft biznesinin mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu, son onilliklərdə baş verən proseslərlə əlaqəlidir:
"Son onilliklərdə Xəzər regionunda nəhəng və iri karbohidrogen yataqlarının - Tengiz, Kaşaqan, Şahdəniz, Alov, Y.Korçaqin adına yataqların kəşfi, iri qazılmamış perspektiv strukturlar fondu, neft hasilatının unikal göstəriciləri və parametrləri Azəri-Çıraq-Günəşli meqastrukturu, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum magistral boru kəmərləri şəbəkəsi, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Səngəçal dəniz limanı Xəzər dənizi regionunu 21-ci əsrin neft biznesinin mərkəzlərindən birinə çevirib".
Umayra Tağıyevadan bədbin proqnoz
Bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva demişdi ki, beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub.
"1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi”, - deyə Ü.Tağıyeva bildirib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: “Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən “sabit iqlim” adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir”.
Onun sözlərinə görə, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: “Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.