BAKI, 8 iyul — Sputnik. Ukraynada universitetlərin son kursunda təhsil alan azərbaycanlı oğlan tələbələr ciddi problemlə üzləşib. Belə ki, onlar bu il Ukraynada təhsil aldıqları universiteti başa vurmalı olsalar da, bu ölkədə baş verən məlum hadisələr üzündən oxuduqları ali təhsil müəssisəsi fəaliyyətini dayandırıb. Azərbaycan vətəndaşı olan tələbələr isə bu səbəbdən ali təhsillərini başa vura bilməyiblər. Buna baxmayaraq Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onları həqiqi hərbi xidmətə çağırır. Bu barədə valideynlər Sputnik Azərbaycan-a məlumat veriblər.
Vəfa Haşımova adlı valideyn bildirib ki, oğlu Haşımzadə Süleyman Ukrayna Dövlət Biotexnologiya Universitetinin İqtisadi Münasibətlər və Maliyyə Fakultəsinin son kursundadır. Amma o universitetdə dörd il müddətində təhsil aldığı və hazırda təhsilini davam etdirdiyi barədə sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilmir:
"Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sənəd təqdim etməliyik ki, oğlum təhsilini başa vurmayıb. Amma Ukraynada müharibə davam etdiyindən universitet başqa şəhərə köçüb. Təhlükəsizlik səbəbindən dərslər müvəqqəti məsafədən təşkil edilir. Biz universitetdən gedib oğumun orada oxuduğu barədə arayışı ala bilmirik ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edək. Universitet bu arayışı bizə ancaq onlayn formada göndərə bilir. Onlayn göndərilmiş sənədi isə nortarius təsdiq etmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə bizdən notariusda təsdiqlənmiş sənədi tələb edir".
V. Haşımova xeyli sayda azərbaycanlı oğlan tələbələrin eyni problemlə üzləşdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, bu sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilmədiklərindən Xidmət onların övladlarını həqiqi hərbi xidmətə çağırır. Valideynlər Ukraynada hərbi əməliyyatların aparılması səbəbindən ora giriş-çıxışın mümkün olmadığını aidiyyatı qurumun nəzərə almasını xahiş edir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən Sputnik Azərbaycan-a bildirdilər ki, hər bir çağırışçının ilkin qeydiyyat sənədində onun həqiqi hərbi xidmətə çağırışının son müddəti göstərilib. Həmin müddət başa çatırsa və Xidmətə çağırışçının hələ təhsilini davam etdirdiyini təsdiqləyən rəsmi sənəd təqdim edilmirsə, həmin çağırışçıya hərbi xidmətdən möhlət hüququ verilmir: "Bizə ali təhsil müəssisəsinin rəsmi notariusda təsdiqlənmiş məktubu təqdim edilməlidir. Əks halda onlayn göndərilən və təsdiqlənməmiş hər hansı sənədi rəsmi qəbul edib çağırışçıya möhlət hüququnun verilməsi mümkün deyil".
Həmçinin Dövlət Xidmətindən məsafədən təhsilə hərbidən möhlət hüququ verilmədiyini bildirdilər.