BAKI, 8 iyul - Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
Belə ki, Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin Cilvegözü Sərhəd Qapısından Suriyaya milyonlarla insana humanitar yardımın aparılmasına icazə verən mexanizmin uzadılmasına veto qoyub.
Təhlüksizlik Şurasının 15 üzvündən 13-ü qərarı dəstəklədiyi halda, Rusiya qərara veto qoyub, Çin isə bitərəf qalıb.
İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.
Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardımın aparılmasına icazə verən mexanizmin səlahiyyət müddəti iyulun 10-da başa çatır.