BAKI, 8 iyul - Sputnik. İyulun 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Vətən Müharibəsində qazanılan şanlı Qələbədən sonra gənclərdə hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsi, hərbi peşəyə marağın artması nəticəsində Azərbaycan Ordusunda xidmət etmək istəyi ilə bağlı daxil olan müraciətlərin sayı günü-gündən artmaqdadır.
Azərbaycan Ordusunun tarix yazan hərbçiləri, xüsusən də zabitləri gənc nəslin gələcək fikirlərinin formalaşmasında müsbət istiqamətdə öz təsirini göstərib və zabit olmaq istəyən gənclərin sayı kifayət qədər artıb.
Bütün bunlar nəzərə alınaraq Müdafiə Nazirliyi mütəmadi olaraq zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kurslarını təşkil edir.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edildikdən sonra gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.