PAYTAXT XƏBƏRLƏRİ

Əfsanəvi "Şərq bazarı" yenidənqurmadan sonra necə dəyişib - foto, video

Təmir işləri zamanı binanın orijinallığının saxlanmasına diqqət edilib, barmaqlıqlarda və günbəzlərdəki bütün naxışlar qorunub saxlanılıb.
Sputnik
Bu yaxınlarda əfsanəvi "Şərq bazarı" yenidənqurmadan sonra yenidən öz qapılarını açıb. Bina bir vaxtlar layihənin memarları Pavel Yarinovski, Uruzmaq Revazov və Anatoli Bessonovun nəzərdə tutduğu görünüşünü qoruyub saxlayıb.
Dəyişikliklər girişdəki yazıda özünü göstərib- indi həmin yazılar kiril hərfləri ilə deyil, latın hərfləri ilə yazılıb. Həmçinin, bütün daxili lövhə və nişanlar müxtəlif milli ornamentlərdən və xalça naxışlarından istifadə edilməklə müasir dizaynda bəzədilib.
Məhşur "Şərq bazarı"nda baş verən dəyişikliklər haqqında bazarın art-meneceri İradə Əmiraslanova Sputnik Azərbaycan-a ətraflı məlumat verib.
"Bu, Şərqin ən nadir memarlıq tikililərindən biridir. Bazar 1982-ci ildə istifadəyə verilib. Bina artıq həddindən artıq köhnəldiyi üçün 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə bazar yenidən qurulub, həmçinin onun konsepsiyası da dəyişdirilib. Təmir işləri zamanı binanın orijinallığının saxlanmasına diqqət edilib, yəni barmaqlıqlarda və günbəzlərdə də bütün naxışlar qorunub saxlanılıb", - deyə Əmiraslanova qeyd edib.
"Şərq bazarı"nın art-meneceri İradə Əmiraslanova
Yenidənqurma işləri zamanı mümkün qədər yerli materiallardan istifadə edilib, lakin tarixi abidələrin bərpası üçün müasir texnologiyaların istifadəsinə xüsusi diqqət yetirilib. Kompleks üç böyük və 13 kiçik olmaqla 16 günbəzdən ibarətdir. Bütün böyük günbəzlər yeni texnologiyadan istifadə edilməklə yaradılmış əl işi çilçıraqlarla işıqlandırılır. İşıqlar yandırıldıqda günbəz şəbəkə naxışları ilə işıqlandırılır.
Birinci mərtəbədə xalçaçılıq, dulusçuluq, yaylıq dərziliyi və sabun istehsalı ilə məşqul olan istedadlı ustaların emalatxanaları yerləşir. Onlar üçün bazar ərazisində eyni vaxtda işləmək və yaradıcılıqlarını nümayiş etdirmək üçün əlverişli şərait yaradılıb.
Zərgər Eduard Şamoryaev emalatxanası
"Zərgər Eduard Şamoryaev öz zinət əşyalarını təqdim edib. O, qədim Azərbaycan zərgərlik məmulatlarının bütün modellərini toplayır, sonra onları təkmilləşdirir, sintez edir və onlardan istifadəni asanlaşdırır. Onların hamısı onun kataloqunda təqdim olunub", - deyə Əmiraslanov bildirib.
Günay Məmmədbəylinin emalatxanasında onun yaratdığı gigiyena vasitələrinə rast gəlmək olar. O, uzun müddət Mərakeşdə yaşayıb və orada təbii kosmetika ilə maraqlanıb. Art-menecerin sözlərinə görə, onun guşəsi onunla fərqlənir ki, onun bütün məhsulları yalnız təbii yağlardan - efir, qızılgül, lavanda, orqan və hətta ipək protein yağından hazırlanıb.
Günay Məmmədlinin emalatxanası
"Bazarın unikal yerlərindən biri də tanınmış rəssam Eldar Hacıyevin emalatxanasıdır. Şərqi ənənəvi tətbiqi sənət xalçaçılığı olmadan təsəvvür etmək mümkün deyil. O, özü çəkir, sonra isə onun rəsm əsəri ipək və yun saplarla qarışıq texnika ilə xalçaya köçürülür. Bu, çox ağır və əziyyətli işdir", - deyə Əmiraslanov bildirib.
Fırça ustası Qarabağ zonasından, yəni Şuşa şəhərindən olduğundan onun bir çox əsərləri inanılmaz parlaqlığı ilə seçilən Qarabağ məktəbinə aiddir.
Rəssam Eldar Hacıyev
Eldar Hacıyevin guşəsi adi bir emalatxana deyil, həm də qalereyadır. Burada Odlar Yurdunun Vətən Müharibəsində Qələbəsinə, azərbaycanlıların, eləcə də müxtəlif dinlərin tolerantlığına həsr olunmuş əsərləri görmək olar.
Özünün dediyinə görə, o, xalçaçılıq fakültəsini bitirib. Ona xalq rəssamı Lətif Kərimov dərs deyib. Onun ən çox sevdiyi mövzu Qarabağa aiddir, xüsusilə də atlar və müxtəlif ornamentlərə üstünlük verir.
Rəssam Eldar Hacıyevin emalatxanası
"Mən eskizlər yaradıram, işçilərim isə onları xalçaya köçürürlər. Adətən ölçüsündən asılı olaraq iş iki aydan üç aya qədər davam edir. İndi Qarabağ atlarına həsr olunmuş xalça silsiləsinin davamı üzərində işləyirəm. Çox istərdim ki, onları Şuşa şəhərində təqdim edim", - deyə Hacıyev vurğulayıb.
"Şərq bazarı"nın ən böyük günbəzinin altında ən qədim bəzək üsullarından biri olan intarsiya da təqdim olunub. Bu əsərlərin yaradıcısı Cəbrayıl Quliyevdir. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Rəssamlıq Akademiyasını bitirib. Cəbrayıl müstəqil olaraq bu qeyri-adi şərq sənəti növü ilə məşğul olmağa başlayıb və nəhayət, peşəkarlaşıb.
Cəbrayıl Quliyevin emalatxanası
O, Azərbaycanda belə sənətkarlığa sahib olan yeganə rəssamdır. İradə Əmiraslanova onu birlikdə əməkdaşlıq etməyə razı salmaq üçün çox çətinlik çəkib. Quliyev öz əsərlərini kiçik ağac yonqarlarından yaradır. Bu zaman boyadan istifadə etmir. Materialın özünün rəngi şəkili əks etdirir. O, emalatxanasını rəssam Pəri Əsgərova ilə bölüşür. Onun əsərləri Təbriz məktəbi miniatürləri üslubundadır.
Pəri Əsgərovanın emalatxanası
"Mən uzun illərdir ki, bu sənət növü ilə məşğul oluram. Əsasən təqdim etdiyim əsərlərimin əksəriyyəti Təbriz məktəbinə daha yaxındır, amma mən də onlarda bəzi dəyişikliklər etmişəm. Modernlə sintez edib yeni üslub yaratdım", - deyə fırça ustası etiraf edib.
Bazarda həmçinin "Ze CreAtrtive" və "Pirizade" adlı iki keramika emalatxanası da nümayiş etdirilir. Onların hər birində siz nəinki müxtəlif növ qablar görə bilərsiniz, həm də onların ustad dərslərində də iştirak edə bilərsiniz.
Pirizadənin emalatxanası
"Bizim müxtəlif keramika məhsullarımız var. Onların yaradılmasında milli ornamentlərdən, xalça naxışlarından istifadə edirik. Həmçinin müasir üslubda dibçəklər və şamdanlar da hazırlayırıq", - deyə Pirizadə emalatxanasının rəssamı Leyla Hüseynova bildirib.
Orada fırça ustaları üçün müxtəlif aksesuarların satışı üçün guşə də yaradılıb. Onlar tez-tez incəsənət xadimlərinin iştirakı ilə ustad dərsləri ("workshop") təşkil edirlər. Ziyarətçilər rəsm əsərinin yaradılmasını canlı izləyə bilərlər. Əmiraslanov qeyd edib ki, iyunun 10-da onlar 40 rəssamın iştirakı ilə tədbir keçirəcəklər.
"İpək yolu" emalatxanası
"Şərqi ipəksiz təsəvvür etmək mümkün deyil. Bunun üçün biz "İpək Yolu" emalatxanasını yaratdıq. Orada tez-tez ipəkçilik çapı üzrə ustad dərsləri keçirilir. Hər kəs istənilən naxışı çəkə, sonra ondan hazır məhsul hazırlaya bilər", - deyə art-menecer qeyd edib.
Birinci mərtəbədə müxtəlif zinət əşyaları, əntiq əşyalar, milli ornamentlər və Qarabağ rəmzləri olan qeyri-adi yaylıqlar təqdim olunan etno-butiklərdən ibarət kiçik guşə də var.
İkinci mərtəbədə restoran və kafelər yerləşir. Onlar təkcə Azərbaycan mətbəxinin deyil, digər şərq xalqlarının yeməklərini də təqdim edirlər. Orada müxtəlif şirniyyatlar, ədviyyatlar, quru meyvələr, şərablar, tərəvəzlər, meyvələr almaq üçün böyük bazar da yaradılıb. Binanın üçüncü mərtəbəsində isə kənd təsərrüfatı və əl işləri yarmarkaları keçiriləcək.