BAKI, 8 iyul — Sputnik. Bu günlərdə Vyanada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Tərəflər iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün tez bir zamanda açılması barədə razılığa gəliblər. Bununla bağlı lazımi prosedurlara başlamaq qərara alınıb.
Türkiyə və Ermənistan nümayəndələri, həmçinin, hava nəqliyyatı ilə birbaşa yükdaşımaların tez bir zamanda başlanmasını müzakirə ediblər.
Bundan əlavə, Vyanada ikitərəfli münasibətlərin tam normallaşmasına nail olmaq üçün digər ehtimal olunan konkret addımlar da müzakirə olunub. Xüsusi nümayəndələr ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Qeyd edək ki, Ankara ilə İrəvanın yaxınlaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda baş verir və birbaşa bununla bağlıdır.
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasında irəliləyiş
İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra rəsmi Bakı İrəvana sərhədin delimitasiyası və demarkasiyası, regionda kommunikasiyaların bloklanmasını və sülh müqaviləsi imzalamağı təklif etdi.
Kommunikasiyaların açılması üzrə danışıqları sürətləndirmək üçün Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu yaradılıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Zaytsev əvvəllər bəyan etdiyi kimi, işlədiyi müddətdə bu qrup müəyyən irəliləyiş əldə edib. Onun sözlərinə görə, iyunun 3-də Moskvada keçirilən görüşdə, eləcə də Sankt-Peterburq İqtisadi Forumunda həmsədrlər arasında təmaslar çərçivəsində tərəflər nəqliyyat kommunikasiyalarının bərpasının müxtəlif aspektləri üzrə mövqelərini yaxınlaşdıra biliblər.
Vaxtilə Rusiyanın "İzvestiya" qəzeti də Moskvanın Bakı və Yerevana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək etməsindən, danışıqlarda ancaq kiçik bir hissəni razılaşdırmaq qaldığından yazmışdı.
Nəşrin mənbəyi xüsusilə qeyd etmişdi ki, Azərbaycan və Ermənistan ötən ilin payızında Ermənistan ərazisindən Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər.
"İrəvanda magistral yol üzrə uzun fasilə yaranıb. Lakin iyunun 3-də baş nazirin müavinlərinin son iclasında 6 km-lik çatışmayan hissəni çıxmaq şərti ilə gələcək yolun marşrutu barədə razılığa gələ biliblər. Orada dağlar var və Rusiyanın "Avtodor"u ("Rusiya avtomobil yolları" dövlət şirkəti – red.) ora ekspertlər göndərir ki, sadə mühəndislik həlli təklif etsin", - deyə mənbə izah edib.
Trass Ermənistan tərəfindən Araz çayı boyunca keçəcək.
Zəngəzur Dəhlizi Azərbaycana və Mərkəzi Asiya ölkələrinə öz mallarını ən qısa marşrutla Türkiyəyə çatdırmağa imkan verəcək, eləcə də Türkiyə malları tezliklə Cənubi Qafqaz regionuna daxil olub, daha sonra Mərkəzi Asiya respublikalarına gedə bilər.
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) zamanı bildirib ki, Rusiya logistik problemləri genişləndirmək üçün nəqliyyat dəhlizlərinin inkişafını formalaşdırır. Rusiya lideri, xüsusilə, Yaxın Şərq və Cənubi Asiya ilə sabit rabitə kanallarını təmin edəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (İTC) üzrə yükdaşımaların artmasına ümid etdiyini bildirib.
Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun son görüşündə tərəflər regionda kommunikasiyaların bloklanmasında irəliləyişin əldə edildiyini bildiriblər.
Ankara ilə İrəvanın yaxınlaşması hamının xeyrinə olacaq
Rusiya beynəlxalq məsələlər şurasının (RBMŞ) eksperti Kamran Həsənov hesab edir ki, Ermənistanla Türkiyə arasında indiki danışıqlar 2020-ci ildə baş verən hadisələrin, yəni Qarabağ müharibəsinin bitməsinin nəticəsidir.
O qeyd edib ki, münaqişədən sonrakı şəraitdə Ankaranın İrəvanla münasibətlərini normallaşdırmaq üçün heç bir maneə qalmayıb, çünki Sürix protokollarının icrasına məhz Qarabağ məsələsi mane olub.
"Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyə üçün əlverişlidir, çünki erməni bazarı ona sərmayə qoya biləcək türk iş adamları üçün maraq doğurur. Bu, lirənin ucuzlaşması və inflyasiya ilə bağlı mövcud problemlər fonunda, ümumilikdə, Türkiyə iqtisadiyyatının tənəzzülü fonunda xüsusilə vacibdir", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin tənzimlənməsi Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrini də yaxşılaşdıracaq.
"Ümumiyyətlə, bu, regionda fonları yaxşılaşdırır, çünki bu gün Türkiyədə minlərlə erməni yaşayır və Ankara – İrəvan münasibətlərinin normallaşdırılması onların həm mənəvi, həm də maliyyə vəziyyətini yaxşılaşdıracaq. Üstəlik, türklər özləri Ermənistana gedə, orada şirkətlər aça bilərlər", - deyə Həsənov qeyd edib.
Mütəxəssis hesab edir ki, Türkiyə ilə Ermənistanın yaxınlaşması prosesi, həmçinin, birbaşa Ankara üçün də böyük əhəmiyyət kəsb edir.
"Qondarma "soyqırım" damğası respublikaya ağır zərbə vurmaqda davam edir. Əgər Türkiyə özü Ermənistanla münasibətləri tənzimləsə, üçüncü dövlətlər də odun üstünə yağ tökə bilməyəcək", - deyə o izah edib.
Ümumilikdə, ekspertin sözlərinə görə, region üçün bu, Türkiyənin mövqelərini gücləndirmək, eləcə də Ermənistanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, ölkənin otuz ildir ki, yaşadığı böhrandan çıxması deməkdir.
"Bu, həm də Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması üçün bir addımdır. Bütün bu proseslər birlikdə gedir", - deyə Həsənov qeyd edib.
Rusiya üçün faydadan danışan politoloq ehtimal edib ki, sərhədlərin açılması Rusiyaya Ermənistan ərazisindən keçəcək və federasiyanın Türkiyə ilə əlaqəsinə imkan yaradacaq nəqliyyat layihələrindən istifadə etməyə imkan verəcək.
Normallaşmanın əsasları - iqtisadiyyat, ticarət və logistika
Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin direktoru Amur Hacıyev belə bir fikir irəli sürüb ki, bu ölkənin Ermənistanla üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və birbaşa aviadaşımaların başlanması barədə razılaşması tərəflərin ikitərəfli əlaqələrinin normallaşdırılması məsələsində əhəmiyyətli irəliləyişə nail olmaq niyyətindən xəbər verir.
"İndiki mərhələdə bu, dialoqun konstruktiv şəkildə inkişaf etdiyini əks etdirən hadisələrin normal gedişidir və buna görə də bu razılaşmaları çətin ki, irəliləyiş adlandırmaq olar. Eyni zamanda, sərhədlərin açılması faktının özü üçüncü ölkələrin vətəndaşları üçün də olsa, vacib konkret başlanğıcdır və bu, gələcək dialoq üçün zəmin yaradacaq", – deyə ekspert hesab edir.
Türkoloq, həmçinin, belə bir fikirlə razıdır ki, sərhədlərin açılması regiondakı vəziyyətə müsbət təsir göstərəcək. Çünki bu, nəqliyyat əlaqəsinin genişləndirilməsinə imkan yaradacaq və deməli, regionun logistika imkanlarını genişləndirəcək ki, bu da qonşu dövlətlər üçün mühüm iqtisadi əhəmiyyətə malik olacaqdır.
"Hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində, görünür, əsas diqqət iqtisadi, nəqliyyat və logistika məsələlərinə yönəldilir ki, bu da, prinsipcə, bu da prosesin konstruktivliyini, onu siyasi və tarixi problemlərlə yükləmədən əvvəlcədən müəyyən edir", - deyə Hacıyev izah edib.
Gələcək perspektivlərdən danışan ekspert bu prosesin qısamüddətli perspektivdə iqtisadiyyat, ticarət və logistika məsələlərində də qarşılıqlı anlaşma əsasında hərəkət edəcəyi fikrini irəli sürüb.