CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq heyvanların satış qiyməti bahalaşıb? - Reportaj Video-Foto

Satışda qurbanlıq heyvanların qiyməti 14-16 manat arasında dəyişir
Sputnik
BAKI, 6 iyul — Sputnik. Bakıda Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların satışına başlanılıb. Sputnik Azərbaycan qurbanlıq heyvanların qiymətini öyrənmək məqsədilə satış məntəqələrində olub.
Qiymətlər 14 manatdan başlayır
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 204 ünvanında qurbanlıq heyvanların həm satış, həm də kəsim məntəqələri fəaliyyət göstərir. Ət satışı ilə məşğul olan Rüfət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurbanlıq heyvanların qiyməti çəkisinə görə dəyişir. Onun sözlərinə görə, hazırda satışda qurbanlıq qoyunların bir kiloqramı 14 manata təklif olunur. Diri çəkidə isə qiymət 7 manatdan başlayır: "Hazırda 15 kiloqramlıq qurbanlıq qoyun 210 manata başa gəlir".
Qurbanlıq qoyunların kəsim məntəqəsi
Quzu əti daha bahadır
Ət satışı ilə məşğul olan qəssablar bildirdilər ki, Qurban bayramı günlərində ətin qiymətinin bahalaşacağı qaçılmazdır. Burada qurbanlıq heyvan satışı ilə məşğul olan Gündüz Süleymanov bildirib ki, quzu ətinin qiyməti isə bir qədər baha, 15-16 manatdır: "Qurbanlıq heyvanların qiyməti orta götürdükdə 210 manatdan başlayır. Amma qurbanlıq üçün körpə heyvan alanlar bir qədər artıq xərcləməli olacaqlar. Çünki, quzu ətinin bir kiloqramı 15-16 manatdır. Əgər müştəri 15 kiloqramlıq qurbanlıq qoyun alırsa, o, minimum 210 manata başa gələcək. Bu çəkidə qurbanlıq quzu isə 250 manatdan aşağı deyil".
Qiymət artımı qaçılmazdır
Burada həmsöhbət olduğumuz satıcılar bayram günlərində qurbanlıq heyvanların qiymətinin bahalaşacağının qaçılmaz olduğunu da söylədilər. Bildirdilər ki, bayram günlərində ətə artan tələbat fonunda qiymət bahalaşması baş verə bilər. Amma qiymətin bahalaşmayacağını vəd edənlər də vardı.
Qurbanlıq qoyunların kəsim məntəqəsi
AQTA-nın kəsim məntəqəsi hələlik boşdur
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qurbanlıq heyvanların kəsim və satış məntəqəsi üçün qurduğu çadır isə hələ ki, boş idi. Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 718A-718Q ünvanında çadır qurulsa da, hələ ki, ərazidə nə heyvanların satışı, nə də ki, kəsimi aparılırdı. Burada nəzarətçi ət kəsimi və satışının bayram günlərində həyata keçiriləcəyini söylədi.
Supermarketlərdə qiymət nisbətən ucuzdur
Qeyd edək ki, artıq bir çox iri supermarketlərdə qurbanlıq heyvanların onlayn satışı da həyata keçirilir. "Araz supermarket"dən Sputnik Azərbaycan-a bildirdilər ki, 1 kq diri qurbanlıq quzu cəmi 6.90 AZN-dir: "Qeyd edək ki, ətin çəkisi diri quzunun çəkisinin minimum 45%-i qədərdir. Qurbanlıq quzular sizə iki cür təklif olunur: diri quzu çəkisi: 28-34 kq, xalis ət çəkisi: 14-17 kq. Həmçinin diri quzu çəkisi: 34-40 kq, xalis ət çəkisi: 17-20 kq. Qurbanlıq qoyun ətinin bir kiloqramı 13 manat 80 qəpikdən hesablanır. 14 kiloqramlıq bir ədəd qurbanlıq qoyun 193, 17 kiloqramlığı isə 235 manata təklif olunur".
Qurbanlıq qoyunların kəsim məntəqəsi
134 ünvanda satış həyata keçiriləcək
Məlumat üçün bildirək ki, AQTA Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb.
Agentliyin yaydığı məlumatda bildirilib ki, iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub.
Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.
Qurbanlıq qoyunların kəsim məntəqəsi
Qurbanlıq heyvanlar yarmarkalarda da satılacaq
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
"Kənddən Şəhərə" Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir.
Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək.
Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C;
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26;
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22;
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20;
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası);
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ("İnşaatçılar" metro stansiyasının yaxınlığı);
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H;
Sumqayıt şəhəri, Çerkassı küçəsi, 53-cü məhəllə.