RUSİYA

Peskov: "Moskva cənab Consonu o qədər də sevmir"

Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, biz Böyük Britaniyadakı hökumət böhranına da diqqət yetiririk.
Sputnik
BAKI, 7 iyul — Sputnik. "Moskva cənab Consonu o qədər də sevmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib.
Jurnalistin Boris Consonun Britaniyanın baş naziri postundan getməsinin Ukraynadakı vəziyyətə təsir edib-etməyəcəyi ilə bağlı sualına Peskov cavab verib ki, Böyük Britaniyadakı vəziyyət Kreml üçün prioritet deyil.
"Əlbəttə, Böyük Britaniyadakı vəziyyət bizim işimiz üçün prioritet ola bilməz. Biz ilk növbədə ölkəmizdə baş verənləri izləyirik. Amma təbii ki, biz Böyük Britaniyadakı hökumət böhranına da diqqət yetiririk. Cənab Consonun özünə gəlincə, o, bizi o qədər də sevmir. Həmçinin biz onu", – Peskov bildirib.
Bundan əvvəl Böyük Britaniya mətbuatı yazıb ki, Boris Consonun Böyük Britaniyanın baş naziri postundan getməsi Kiyevin Rusiya ilə münaqişədə mövqeyinə təsir göstərəcək, çünki Consonun varisi riskə meyilli olmaya bilər və ya Kiyev naminə mümkün olan hər şeyi etməyə bilər".
Bununla belə, Böyük Britaniyanın Ukrayna məsələsində rolu Conson baş nazir olmasa belə ciddi olaraq qala bilər, çünki o, qərarlarında müdafiə naziri Ben Uolles və Britaniyanın xarici işlər naziri Liz Trassdan dəstək alıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün istefa verməyə hazırlaşır. Boris Conson çoxsaylı qalmaqallara cavab olaraq hökumət kabinetindən 50-dən çox şəxs istefa verdikdən sonra, nəhayət, vəzifəsindən getməyə razılaşıb.
BBC-nin məlumatına görə, Conson yeni liderin seçiləcəyi payıza qədər fəaliyyətini davam etdirəcəyini bildirib.