BAKI, 7 iyul — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən 1600-dən çox məktəbəqədər təhsil müəssisəsindən 1000-ə yaxınında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlama-nəzarət tədbirləri keçirilərək inzibati intizam tədbirləri görülüb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə çıxış edərkən deyib. Onun sözlərinə görə, nəticələr haqqında məlumatlar Təhsil Nazirliyinə təqdim olunub.
"Gələcək perspektivdə ölkə qarşısında duran əsas çağırışlardan biri, xüsusilə yeniyetmələrin, şagirdlərin düzgün qidalanmasının təşviq edilməsi, qida təhlükəsizliyi məsələlərinə diqqətin artırılmasından ibarətdir. Hesab edirik ki, bu prosesdə UNİCEF-in böyük töhfəsi var. Məlumat üçün bildirim ki, biz UNİCEF-lə digər istiqamətlərdə də əməkdaşlıq edirik, o cümlədən "Məktəblilərin qida bələdçisi" layihəsi çərçivəsində həssas əhali kateqoriyasına daxil olan məktəblilərin düzgün qidalanması istiqamətində gələcəkdə də oxşar səylərin davam etdirilməsini məqsədəuyğun hesab edirik", - deyə Elxan Mıkayılov qeyd edib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib. Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub.