BAKI, 06 iyul - Sputnik. Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova Prezident İlham Əliyev tərəfindən mənzilin verilməsi sosial şəbəkələrdə rezonans doğurub.
Kino aktyoru kimi filmlərə, teleseriallara çəkilən, öz ayaqları üzərində durmağı bacaran, həmçinin geniş maddi imkanları olan tanınmış müğənninin dəstəyini alan bir gəncə evin niyə verilməsi hər kəsi təəccübləndirib.
Sosial Xidmətlər Agentliyi Corc Qafarova niyə ev verilmsinə aydınlıq gətirib.
Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov xatırladıb ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:
“Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o, müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub.
Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb.
Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib.
Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.