RUSİYA

Moskvadakı "Azərbaycan" pavilyonunun fasadını nəhəng nar bəzəyir

Azərbaycanın bərəkət və gözəllik rəmzini indi Rusiyanın paytaxtında görmək olar.
Sputnik
BAKI, 6 iyul - Sputnik. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi rayonunda “Azərbaycan” pavilyonunun qarşısında “Nar” adlı qeyri-adi incəsənət obyekti təqdim olunub. Pavilyonun direktoru Səadət Kadırovanın sözlərinə görə, işə başladığı ilk gündən binanın fasadına nar qoymaq arzusunda olub.
Layihə ABB-MOSKVA bankı ilə birgə həyata keçirilib. Kadırova əmindir ki, bu cür əməkdaşlıq iki ölkə arasında münasibətləri gücləndirir.

"Nar məhsuldarlıq və gözəllik rəmzidir və o, pavilyonumuzun fasadını adekvat şəkildə tamamlayır", - deyə o bildirib.

Nar Azərbaycanda meyvələrin şahı sayılır. 2006-cı ildən nar istehsalının mərkəzi olan Göyçay şəhərində “Nar bayramı” təşkil olunur. Burada sərgilər keçirilir, burada bağbanlar narın müxtəlif növlərini, ondan hazırlanan şirələri, mürəbbələri və yeməkləri nümayiş etdirirlər.
2020-ci ildə YUNESKO bu bayramı Bəşəriyyətin Şifahi və Qeyri-Maddi Mədəni İrsin Şah əsərlərindən biri elan edib.
“Azərbaycan” pavilyonu 1967-ci ildə tikilib, 2019-cu ildə təmir edilib. O, tez-tez müxtəlif tədbirlərin, sərgilərin, konsertlərin, Odlar Yurdunun milli bayramlarının keçirildiyi məkana çevrilir.
İndi burada azərbaycanlı rəssam Abbas Kazımovun “Nağıl dünyası” adlı sərgisi keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.