CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi parklar axşam saatlarında narkomaniyanın yayılması üçün münbit əraziyə çevrilir

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri bildirib ki, məktəblilər arasında narkotiklərlə bağlı sorğunun keçirilməsi xüsusi həssaslıq tələb edir.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Narkomaniyaya qurşanan şəxslər zamanla cinayət aləminə yuvarlanırlar. BMT-nin məlumatına görə 2021-ci ildə müntəzəm narkotik istifadəçilərinin sayı 275 milyon olub ki, bu da 2020-ci illə müqayisədə 22 faiz artım deməkdir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Vətəndaşların Əmək Hüquqları Liqası ilə birgə hazırladıqları "Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat"ın təqdimatında deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
O bildirib ki, komitə tərəfindən narkomaniyaya qarşı mübarizə aparmaq üçün maarifləndirmə tədbirləri aparılır:
"Ötən il Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlər həyata keçirdik. 47 rayon və şəhərdə məktəblərdə təlimlər keçirilib. Bu müddətdə "Narkotiklər, yoxsa həyat" adlı bukletlər paylanıldı. Bundan başqa, narkotiklərin zərərləri haqda daha dolğun informasiyaların formalaşması üçün elektron məlumatlandırma vasitələri də genişləndirilib".
Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, narkomaniya hazırda transmilli cinayətkarlığın tərkib hissəsidir:
"Narkomaniyayla mübarizədə Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Lakin etiraf edək ki, bəzi məsələləri tam tənzimləyə bilməmişik. Biz bütövlükdə gəncləri, uşaqları sosial şəbəkə vasitə ilə ötürülən təhlükəli məlumatlardan tam qoruya bilmirik. Praktik və effektiv hesab etdiyim dəyişiklik bir neçə gün öncə qüvvəyə minib. Müddətli hərbi xidmətə çağrılan şəxslər məcburi narkoloji testdən keçirilmiş olacaqlar. Bu yoxlama bizdə daha dəqiq təəssürat yaradacaq. Bu qanun layihəsini indiki mərhələdə ən effektiv vasitə hesab edirəm".
Millət vəkili Əli Hüseynli
Ə.Hüseynli zərərli vərdişlərin yayılmasının qarşısını almaq üçün çıxış yollarından danışıb: "Qərb dünyası narkomaniyaya qurşanan şəxsin faciəvi həyatını qabardır, nümayiş etdirir. Lakin bu üsul hələlik ki, bizdə yoxdur, biz bunu göstərmirik".
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov isə bildirib ki, rəsmi qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 min 602 olsa da, əslində qeyri-rəsmi rəqəmlər bundan daha yüksəkdir:

"Narkocinayətkarlar mobil tətbiqlər vasitəsilə də gəncləri, qadınları bu işə cəlb etməyə çalışırlar".

Hər QHT məktəbərə daxil olub narkomaniya ilə bağlı sorğu təşkil edə bilməz, bu çox təhlükəlidir
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov hesabat haqda ümumi məlumat verərək bildirib ki, BMT-nin məlumatına görə, cəza tədbirlərinə cəlb olunanlardan üçdən ikisi sonradan cinayət aləminə meyillənir, reabilitasiya oluna bilmir, həbsxanadan potensial cinayətkar kimi çıxır. Bu səbəbdən də də yeniyetmələrə münasibətdə cəza siyasəti fərqli olmalı, alternativ yollar tapılmalıdır.

"Yaşı 18-dən aşağı olan şəxslərin narkotikdən istifadəsini öyrənmək üçün sorğulara cəlb olunması etik deyil. Bu yaş təbəqəsində olan şəxslər arasında sorğunun keçirilməsi xüsusi həssaslıq tələb edir. Bu səbəbdən də hər kəs məktəblərdə rahatlıqla belə sorğu keçirə bilməz. Bunun əks təsiri də ola bilər, yəni bu haqda məlumatı olmayan uşaq narkotikə qurşana bilər", - deyən S.Məmmədov əlavə edib ki, sorğuya qatılan yetkinlik yaşına çatmayanlardan 9 nəfərin narkotik istifadəçisi olduğu müəyyənləşib.

O deyir ki, sorğuda iştirak edən narkotik istifadəçilərinin yalnız cüzi hissəsi bunu etiraf edib. Onlar narkotik vasitələri kənar məhəllələrdən əldə etdiklərini söyləyirlər.
Səbəblərə gəldikdə, S.Məmmədov qeyd edir ki, ümumiyyətlə, gənclər arasında sınaq həvəsi, əyləncə axtarışı, dost və tanışdan geri qalmamaq arzusu narkomaniyaya qurşanmağa gətirib çıxarır. O, narkotiklərin yayılması üçün riskli ərazilərdən birinin elə məktəblərin ətrafı olduğunu bildirib .
Hüquq müdafiəçisi onu da vurğulayıb ki, qanunla qadağan olunmasına baxmayaraq, məktəblərin yaxınlığında energetik içkilər, qəlyan satışına rast gəlinir.
Nə etməli?
S.Məmmədov vurğulayıb ki, müəllimlər şagirdlərin davranışlarına həssas olmalıdırlar:

"Təhsil müəssisələrində şagirdin davranışında dəyişikliklər varsa, bunun səbəbi öyrənilməlidir. Lakin təəssüf ki, bu istiqamətdə işlər lazımınca görülmür".

S.Məmmədov parkların axşam saatlarında işıqlandırılmaması probleminə də toxunub. Onun fikrincə, bu amil həmin ərazini narkomaniya və potensial cinayət məkanına çevirə bilir. Uşaqların mobil vasitələrdən nəhayətsiz istifadəsi də, onların nəzarətsiz qalmasına və zərərli vərdişlər qazanmasına yardım edir.
Narkomaniya iradəsizlik yox, xroniki beyin xəstəliyidir
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev qeyd edib ki, çoxları narkotikə gücsüzlük, iradəsizlik kimi baxsa da, elm narkomaniyanın xroniki beyin xəstəliyi olduğunu sübuta yetirib:
"Tədqiqatlar göstərir ki, genetik amillərlə yanaşı, sonradan qazanılma faktorlar da maddə asılılığına təsir edir. Bundan başqa, uşaqlıq travmaları, şəxsiyyətlərarası münasibətlərdəki problemlər də maddə asılılığına səbəb olur. Araşdırmalar göstərir ki, dünyada narkotikdən əziyyət çəkənlərin 85 faizi məhz yeniyetməlik dövründə bu bəlaya qurşanıblar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.