BAKI, 6 iyul — Sputnik. Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan və narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edən 9 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər. Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub. Həmin ünvana baxış zamanı külli miqdarda heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər narkotiklərin satışı ilə məşğul olmaqla bərabər narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.