BAKI, 6 iyul — Sputnik. Demokratik Partiya Nümayəndələr Palatasına noyabrda keçiriləcək aralıq seçkilərindən sonra ABŞ Prezidenti Co Baydendən "qurtulmağı" planlaşdırır. Bunu “Fox News”-un siyasi köşə yazarı Tomi Laren “Sky News Australia” kanalına bildirib.
Harvard CAPS/Harris Poll sorğusunun nəticələri Avstraliya kanalının studiyasında müzakirə edilib. Sorğunun nəticələrindən aydın olub ki, amerikalıların 71 faizi hazırkı dövlət başçısını ikinci prezidentlik müddətinə seçkilərdə görmək istəmir. Araşdırmaya görə, inflyasiya və artan qaz qiymətləri fonunda Baydenin bəyənmə reytinqi 38 faizə düşüb.
"Demokratlar gözləmə mövqeyi tutaraq noyabrda vəziyyətin necə olacağına baxacaqlar. Onlar məhv ediləndə və parça-parça olanda Co Baydeni taleyin ümidinə buraxacaqlar. Ondan günah keçisi düzəldəcək – bütün təqsirləri onun boynuna yıxacaqlar. Baxmayaraq ki, bütün baş verənlərdə günahkar Co Bayden deyil, məhz onların həyata keçirdikləri siyasətdir. Bayden, sadəcə, ifrat solun əlində olan bir oyuncaqdır. Onlar amerikalılara deyəcəklər ki, problem yalnız Co və Kamala Harrisdədir", - deyə Laren fikrini izah edib.
Onun sözlərinə görə, demokratlar əvvəlcə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi növbəti prezident seçkilərinə göndərməyi planlaşdırırdılar, lakin indi onun namizədliyini nəzərdən keçirmirlər.
ABŞ-da bir neçə aydır ki, enerji və ərzağın qiymətləri artmaqdadır. Benzinin qiyməti bir qallon üçün beş dollar həddini keçib, halbuki, bir il əvvəl bu göstərici üç dollar səviyyəsində idi. İnflyasiya 40 illik rekordları yeniləyərək 8,5 faizə çatıb.