CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq qoyunları onlayn sifariş etmək mümkün olacaq

Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
"Kənddən Şəhərə" Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir.
Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək.
Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C;
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26;
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22;
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20;
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası);
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ("İnşaatçılar" metro stansiyasının yaxınlığı);
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H;
Sumqayıt şəhəri, Çerkassı küçəsi, 53-cü məhəllə.
Məlumat üçün bildirək ki, iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.