İQTİSADİYYAT

Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılacaq

Sputnik
BAKI, 5 iyul — Sputnik. İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur.
Bunu nazir Mikayıl Cabbarov "Twitter" paylaşımında qeyd edib.
Nazir bildirib ki, bununla da daimi iş yerləri açılacaq:
"Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır".
Mikayıl Cabbarov
Qeyd edək ki, yeni rezident "Agah Group" MMC Sənaye Parkının 1 hektar ərazisində müxtəlif ölçüdə "C", "U" və "Z" metal profillərin, eləcə də anbar stellajlarının istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 6.85 mln. manat olan layihə çərçivəsində 40 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili və xarici bazarlara satılması planlaşdırılır.
Ağdam Sənaye Parkının digər yeni rezidenti BƏƏ kapitallı "Expert Services FZE" MMAZM-in AR-dəki Nümayəndəliyi ("Expert Services FZE" Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) tərəfindən Sənaye Parkının 1.2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində I mərhələdə ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası, II mərhələdə isə müxtəlif təyinatlı çalovların istehsalı nəzərdə tutulur.
İnvestisiya dəyəri 2.2 milyon manat olan müəssisədə 20-dək daimi iş yeri yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.