BAKI, 4 iyul — Sputnik. Finlandiya və İsveçdə NATO bazalarının yerləşdirilməsi hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərini təhlükə altına salacaq. Bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında qeyd edib.
"NATO bazalarının yerləşdirilməsi nə Finlandiyanı, nə də İsveçi müdafiə etməyəcək. Əksinə. Bu, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərini təhlükə altına atacaq", - deyə Volodin bildirib.
O qeyd edib ki, "hərbi əməliyyatlar başlayacağı təqdirdə zərbələr ilk növbədə düşmənin hərbi infrastrukturuna endirilir".
Bununla bağlı Volodin təhlükəsizlik hissi yaratmaq üçün bu şəhərdə NATO bazası yerləşdirməyi təklif edən Finlandiyanın Lappeenranta şəhərinin merinin fikirlərini yanlış adlandırıb.
İyunun 29-da keçirilən sammitdə NATO rəhbərliyi İsveç və Finlandiyanı alyansa dəvət etmək qərarına gəlib. Ehtimal olunur ki, alyansa qoşulmaq üçün dəvət aldıqdan sonra tərəflər üzv olmaq şərtlərini razılaşdırmalı olacaqlar. Alyansa daxil olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etdikdən sonra İsveç və Finlandiya NATO-ya üzv olacaq.