AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi

Dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat məbləğində təsdiq edilib
Sputnik
BAKI, 4 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
Xatırladaq ki, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri büdcə layihəsində vəsaitlərin böyük bir hissəsinin işğaldan azad olmuş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işlərinə ayrıldığını vurğulayıb.
O bildirib ki, müzakirə olunan qanun layihəsində 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 381,8 milyon manat artırılaraq 29 197,8 milyon manata, xərclərinin isə 2 424,8 milyon manat artırılaraq 32 303,8 milyon manata çatdırılması təklif olunub. Bu zaman dövlət büdcəsinin kəsirinin 43 milyon manat artaraq 3 106 milyon manat məbləğində olacağı proqnozlaşdırılıb. Qeyd olunub ki, artırılan gəlirlərin 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacaq. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 192 milyon manat azaldılması nəzərdə tutulub.
Komitə sədri dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər barədə danışıb. Bildirib ki, Böyük qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milyon manat, müdafiə, hərbi və milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 milyon manat, Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 milyon manat vəsait ayrılıb. Həmçinin sosial müdafiə tədbirlərinin maliyyələşməsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması üçün 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 milyon manat və bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 milyon manat vəsait nəzərdə tutulub.
Tahir Mirkişili dövlət büdcəsinə təqdim edilən dəyişikliklərin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə, görülən işlərin genişləndirilməsinə, yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini, 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək üçün mühüm maliyyə bazası yaradacağını bildirib.
Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.