Bakıda marketdə zəhərlənmənin səbəbi açıqlandı

Bakıda yerləşən supermarketlərdən birində kütləvi zəhərlənmə qeydə alınıb, zəhərlənənlərə tibbi yardım göstərilib
Sputnik
BAKI, 4 iyul — Sputnik. Bakıda Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə kütləvi zəhərlənmə qeydə alınıb. Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə marketin damında təmir zamanı işlədilən propan qazından baş verib. A.Maqsudovun sözlərinə görə, marketin damında propan qazından istifadə zamanı içəridə olan 14 nəfər özünü pis hiss etdiyindən Mərkəzə çatdırılıb.
Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, 14 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Zəhərlənənlərə tibbi yardım göstərilib, onlar elə həmin gün evə buraxılıblar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.
TƏBİB-dən bildirilib ki, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.
Xatırladaq ki, iyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, 1-i göbələkdən, 5-i etil spirtindən, 6-sı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, 1-ni isə həşərat sancıb. Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, 9-u uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən 9-u (5-i kişi, 4-ü qadın) dünyasını dəyişib.