BAKI, 3 iyul - Sputnik. Tbilisidə keçirilən mitinqin təşkilatçıları yeni ultimatumla çıxış ediblər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 24:00-dək istefa verməsi tələb olunub.
Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.
Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək.
Xatırladaq ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi mitinq keçirilir.
Bu gün saat 20:00-da aksiya təşkilatçılarının iyunun 24-də baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdüyü ultimatumun vaxtı başa çatıb.
Aksiya səbəbindən mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Ərazidə və ətrafda yerləşən dövlət qurumlarının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyir.
Təşkilatçılar bu gecə aksiyaçıların Rustaveli prospektində qalacağını bildiriblər.
Qeyd edək ki, Tbilisidə “Evə, Avropaya” şüarlı kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.