BAKI, 3 iyul - Sputnik. Özbəkistan parlamenti Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında Prezident Şavkat Mirziyoyevin fərmanını təsdiqləyib.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qaraqalpaqda nə baş verir?
Özbəkistan prezident Şavkat Mirziyoyev bölgədə baş verən iğtişaşlardan sonra Qaraqalpaqıstanın statusu ilə bağlı Konstitusiyaya dəyişiklik etməmək qərarına gəlib.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Konstitusiyaya əlavə və dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alaraq, həmçinin Qaraqalpaqıstan sakinlərinin fikirlərinin öyrənilməsi əsasında prezident 70-ci maddələrin hazırkı mətnlərinin qorunub saxlanıldığını bildirib”,- deyə məlumatda bildirilib.
2021-ci ilin dekabrında, ikinci prezidentlik müddətinə seçildikdən bir ay sonra Mirziyoyev Konstitusiyaya dəyişikliklər təklif edib.
O bununla bağlı və may ayında Konstitusiyaya düzəlişləri hazırlamaq üçün parlamentdə komissiya yaradıb.
Prezident 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Əsasən Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.
Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də etiraz aksiyası keçiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.