BAKI, 2 iyul - Sputnik. Bu ilin iyun ayı ərzində respublikanın əsasən şimal və qərb rayonlarında qeydə alınan çox qısamüddətli, lakin intensiv leysan yağışlar nəticəsində çaylarda 18 sel-daşqın hadisəsi baş verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, son onilliklərdə quraqlığın davamiyyəti artır.
"Bununla yanaşı, çox qısa dövr ərzində həddən artıq çox - yarımaylıq norma miqdarında yağıntı düşür və nəticədə çaylarda sel-daşqın hadisələri təkrarlanır".
ETSN-də mətbuat konfransı
© Sputnik / Irade JELIL
Xidmət rəisinin sözlərinə görə, əgər ötən illərdə iyun ayında cəmi 3-5 daşqın hadisəsi qeydə alınırdısa, bu ilin iyununda 18 belə hadisə müşahidə olunub.
“Ümumiyyətlə daşqınların il ərzində paylanmasını təhlil etsək, çoxillik statistik məlumatlar göstərir ki, sel-daşqın hadisələrinin sayı dəfələrlə artıb. 1966-cı ildən bu ilə qədər dəyişmə tendensiyasına baxsaq, əgər 2000-ci illərə qədər ildə cəmi 2-5 daşqın hadisəsi baş verirdisə, son onilliklərdə kəskin artım müşahidə olunur. Ötən il çaylarda 41 sel-daşqın hadisəsi qeydə alınıb. Bu il üç ay ərzində, yəni yaz gursululuq dövrü ərzində 40 sel-daşqın hadisəsi müşahidə olunub. Payız gursululuq dövrü isə hələ qarşıdadır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.