BAKI, 1 iyul — Sputnik. Qlobal dünya üçün ən aktual problemlərdən biri də abort - uşaqsalma, yəni embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılmasıdır. Bu problem Azərbaycan üçün də aktual olaraq qalır.
Bəs uşaqsalmanın ziyanları nələrdir, xanımların bu əməliyyata getməsinin qarşısını necə almaq olar? Sputnik Azərbaycan-ın məsələ ilə bağlı suallarını Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Aynurə İsmayılova cavablandırıb.
- Əvvəlcə abortun ziyanlarından danışaq...
- İxtisaslı tibbi işçisi tərəfindən adekvat avadanlıqdan, sanitar-gigiyenik standartlara riayət etməklə, düzgün metodikadan istifadə etməklə icra olunan abort təhlükəsiz hesab olunur.
Abortdan sonra erkən və gecikmiş fəsadlara rast gəlinə bilər. Erkən fəsadlar abort zamanı baş verən fəsadlardır ki, bunlara qanaxma, uşaqlığın perforasiyası, zədələnməsi aiddir. Abortdan sonrakı dövrdə qadında qanaxma da arta bilər. Gecikmiş fəsadlara isə Aşerman sindromu - yəni uşaqlıq daxili bitişmələrin əmələ gəlməsi daxildir və bununla xroniki endometrit kimi problemlərin nəticəsində sonsuzluğa səbəb ola biləcək fəsadlar yarana bilər.
- Neçə dəfədən sonrauşaqsalma böyük risk daşıyır?
- Ümumiyyətlə, abort prosesi təcrübəli tibb işçisi tərəfindən aparılmalıdır. Bundan başqa, qeyd edim ki, birinci abortdan sonra sonsuzluğun yaranma faizi və zədələnmə riski daha yüksək hesab olunur. Təkrarlanan abortlar da təhlükəli hesab olunur. Yəni sonradan həmin qadınlarda hamilə qalmaq və uşağı ana bətnində daşımaq baxımından ciddi problemlər yarana bilər. İstmiko-servikal çatışmazlıq adlanan problem də məhz abortdan sonra yarana biləcək fəsadlar sırasındadır. Bir neçə dəfə aparılan abort travma və insan bədəni üçün stress faktoru hesab olunduğundan bədənin hormonal balansında pozulmalara səbəbə ola bilər.
- Son ilər medikamentoz uşaqsalma da geniş yayılıb, belə olan halda nə edilməlidir?
- Bu zaman da mütləqdir ki, tibbi işçisi tərəfindən təyin olunan dərman preparatı istifadə olunsun. Heç bir halda qadın özbaşına hər hansısa dərman qəbul etməməlidir. Bütün bunlara düzgün nəzarət olunmalıdır ki, yarana biləcək fəsadların qarşısı alınsın.
- Selektiv, yəni cinsə görə abortla bağlı da böyük problemlər var...
- Hamiləliyin on ikinci həftəsinə qədər hansısa ultrasəs aparatı ilə dölün cinsiyyətini dəqiq təyin etmək mümkün deyil. Buna görə də 12-ci həftəyə qədər olan abortlar selektiv hesab oluna bilməz. On ikinci həftədən sonra isə, cinsiyyət təyin olunan həftələrdə tibbi göstəriş olmadığı halda abort icra olunursa, bu, kriminal abort hesab olunur.
Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı
© Sputnik / Irade CELIL
- Tövsiyələriniz nələrdir?
- Son illərdə təhlükəsiz abortun icrasına daha çox diqqət yetirilir. Abortun sırf ixtisaslı tibb işçisi tərəfindən aparılması və sanitar-gigiyenik qaydalara düzgün əməl olunması çox önəmlidir. Çox təəssüf ki, bəzən qeyri-tibb müəssisələrində aparılan abortlar bir sıra problemlər yaradır. Belə abortlara ağırlaşmış-kriminal abortlar deyilir ki, bunların da qarşısı mütləq alınmalıdır.
Qadınların belə hallarla qarşılaşmaması üçün mütləq şəkildə davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri düzgün aparılmalı, eyni zamanda da icra olunacaq abort göstərişlə icra olunmalıdır.
On ikinci həftəyə qədər abort qadının istəyi ilə icra oluna bilər. Lakin 12-ci həftədən yuxarı olan hallarda bu yalnız konsilium və ya tibbi göstəriş yəni, dölün inkişaf qüsuru, ananın hansısa ekstragenital patologiyaları olduğu halda sonlandırıla bilər.
Dediyim ki, on ikinci həftəyə qədər qadının istəyi ilə abortun icrası mümkündür. Bu hallara nəzarət etmək üçün doğuşdan sonrakı dövrdə qadına mütləq şəkildə məlumat verilməlidir ki, yaxın müddət ərzində hamiləlikdən qorunmaq lazımdır. Kontraseptiv üsullar, onlar haqqında geniş məlumatlandırmanın abortun qarşısını almaqda böyük rolu var.
Yekun olaraq qeyd etmək istəyirəm ki, abort arzuolunmaz bir haldır. Bunun qarşısını almaq üçün ilk növbədə düzgün kontraseptiv vasitələrdən istifadə etmək lazımdır. Bura oral kontraseptivlər, uşaqlıqdaxili vasitələrdən istifadə, əməliyyat yolu ilə boruların bağlanılması və sair tədbirlər aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.