BAKI, 1 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov bildirib ki, Rusiya Şpitsbergen adasına yüklərin daşınmasındakı blokadanın aradan qaldırılması məsələsində Norveç hakimiyyətinin sağlam düşüncəsinə ümid edir. O, bu barədə TASS-a Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda bildirib.
"Ümid edirəm ki, şimal qonşularımız arasında sağlam düşüncə üstünlük təşkil edəcək və münasibətlərə xələl gətirmədən və yüksək enliklərdə gərginliyi artırmadan həll yolu tapılacaq", - deyə Korçunov bildirib.
O, həmçinin əlavə edib ki, mövcud vəziyyət Rusiya tərəfindən diqqətdən kənarda qala bilməz. Onun sözlərinə görə, bu, Norveç tərəfindən qəbul edilmiş analoqsuz qərardır.
Bundan əlavə, diplomat qeyd edib ki, Rusiya tərəfi Şpitsbergenin əməkdaşlıq zonası əvəzinə gərginlik zonasına çevrilməsini istəmir.
Bir gün əvvəl Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt demişdi ki, Norveç Rusiya yüklərini Şpitsbergen adasına buraxmaqdan imtina etməklə Şpitsbergen müqaviləsini pozduqlarını düşünmür.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Xarici İşlər Nazirliyi Norveçdən Şpitsbergen istiqamətində yüklərin daşınmasındakı blokadanın qaldırılması ilə bağlı tez bir zamanda qərar qəbul etməyi tələb edib.
Norveçin şimal sahili ilə Şimal qütbünün ortasında yerləşən Şpitsbergen Norveçin bir hissəsidir, lakin Rusiyanın 1920-ci ildə imzalanmış müqaviləyə əsasən arxipelaqın təbii ehtiyatlarından istifadə etmək hüququ var. Arxipelaqdakı bəzi yaşayış məntəqələrində əsasən ruslar məskunlaşıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.