BAKI, 21 yanvar — Sputnik. Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlar, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir:
"Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir".
Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir:
"Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər".
İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır:
"Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya (adətən qızdırma ilə eyni vaxtda başlayır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək, asqıraq, mədə-bağırsaq əlamətləri) disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir".
Eyvazovun sözlərinə görə, 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir:
"Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər".
İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar:
"Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər. Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər. Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir".
Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil:
"Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində su çiçəyi virus aşkarlanır".
Azərbaycanda "meymunçiçəyi"nə yoluxma faktı aşkarlanıb - Rəsmi Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək" - birgə məlumatda qeyd olunub.
18.01.25, 10:53
SOS: Azərbaycanda "meymunçiçəyi"nə yoluxma faktı aşkarlanıb - Rəsmi
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.
01.07.22, 23:02
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı klinik protokol hazırlanıb
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb.
İSİM-dən verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.