BAKI, 1 iyul - Sputnik. Türkiyənin Konya şəhərində “Anadolu Qartalı-2022” beynəlxalq təlimi başa çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, təlimlərdə Azərbaycan, Böyük Britaniya, İordaniya və Pakistan hərbçiləri də iştirak edib.
Azərbaycan Müdafiə Nazirliyinin ötən həftə yaydığı məlumatda bildirilirdi ki, Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.
Təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.
Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.
Xatırladaq ki, iyunun 20-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimi başlayıb.
Qeyd olunub ki, təlimə Türkiyə Hava və Dəniz Qüvvələri ilə yanaşı, Azərbaycan, İngiltərə, İordaniya, Pakistan və NATO-dan olan hərbçilər qatılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.