QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Quruculuq məkanına çevrilən diyar

Ağdam şəhərində yaşayış binaları inşa edilir. Hazırda şəhərdə 6 ədəd yaşayış binası inşa olunur ki, bu binalarda 209 ailənin yerləşdirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Ağdam Qarabağın giriş qapısıdır və 27 ildə düşmənin vəhşiliyi nəticəsində burada heç bir həyat əlaməti qalmamışdı. İşğal dövründə şəhər tamamilə xarabalığa çevrilib. Odur ki, Ağdamın həm strateji əhəmiyyəti həm də, bu acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq buradan başlanması zərurətini yaradıb.
Bu səbəbdən də, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı.
Cari ilin fevralın 13-də Prezident İlham Əliyev daha bir neçə vacib obyektlərin təməlinin qoyulması və açılışı üçün yenidən Ağdama səfər edib. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi. Bu gün həmin səfərin davamı olaraq, Ağdamda canlanma müşahidə edilir.
Ağdamda yaşayış binalarının inşası
Beləliklə, Ağdam şəhərinin bərpasının təməl daşı atılıb. Hazırda burada quruculuq və abadlıq işləri aparılır. Şəhərin mərkəzində 6 altımərtəbəli yaşayış binası tikilir. Ümumilikdə 209 ailə üçün nəzərdə tutulan bu binalarda işlər sürətlə davam etdirilir. Binaların birində isə tikinti işləri artıq beşinci mərtəbədə aparılır.
Bütün bunlar ən çox Ağdam sakinlərini sevindirir. Sakinlərindən biri İsgəndər Pəniyev deyir ki, burada aparılan quruculuq və abadlıq işləri hamı kimi onun da ürəyincədir. Müsahibimiz bildirir ki, xüsusən də yaşayış binlarının inşası prossesini izlədikcə insan sevinməyə bilmir:
Ağdam sakini İsgəndər Pəniyev

“Təzə binalar tikirlər - həm çoxmənzilli binalar, həm də, fərdi evlər. Bu binalar bizim üçün tikilir. İşlər çox sürətlə gedir. Mən Ağdam sakini kimi səbirsizliklə gözləyirəm o binaların tikilib başa çatmasını. İnşəallah, tikinti işləri tez bir zamanda bitər. Bizi də, tezliklə öz vətənimizə köçürərlər. Öz ata-baba yurdumuzda şad-xürrəm yaşayarıq”.

İşğaldan azad edilən Ağdam şəhərində inşa olunan yaşayış binalarında yaşayacaq insanlar üçün müvafiq infrastruktur da nəzərdə tutulub.
Altımərtəbəli yaşayış binasının beş mərtəbəsi yaşayış, bir mərtəbəsi qeyri-yaşayış, zirzəmisi isə avtomobillərin dayanacağı üçün nəzərdə tutulub.
Bundan başqa burada yaşayacaq insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün, binanın həyətyanı sahəsində uşaq-əyləncə mərkəzi və istirahət parkı yaradılacaq.
Ağdam sakini Adil Məmmədov deyir ki, illər ötüb-keçməsinə baxmayaraq, hər görülən iş onları 27 illik tarixə çəkib aparır. O tarixə ki, orada xatirələr var.
1 / 4

Ağdamda yaşayış binalarının inşası

2 / 4

Ağdamda yaşayış binalarının inşası

3 / 4

Ağdamda yaşayış binalarının inşası

4 / 4

Ağdamda yaşayış binalarının inşası

“Ağdam şəhəri, Məşədi Abbas küçəsi, 113-də yaşayırdıq biz. Orada uzun müddət yaşamışam. Otuz dörd yaşımda Ağdamdan məcburi köçkün düşərək, gəlib Bərdə rayonunda məskunlaşdıq. Ağdam işğal dövründə tamamilə dağıdıb xarabalığa çevriblər. Amma indi azad olunmuş Ağdamımızda çox gözəl yeni şəhər yaradılır".
Qeyd edək ki, hazırda Ağdamda inşa olunan bina nə ilk, nə də son tikilidir. Burada tezliklə bir-birindən gözəl tikililər göz oxşayacaq. Artıq bu qədim şəhər sakinlərinin yolunu gözlədiyi kimi, sakinləri də ora qayıdacaqları günün arzusu ilə nəfəs alır.
Adil Məmmədov deyir ki, öz ata-baba yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyir.
Ağdam sakini Adil Məmmədov
“Ağdam şəhərində indi yeni binalar tikilir və bu bizi çox sevindirir. Çünki o evlər hamısı bizim üçün, yəni ağdamlılar üçün tikilir. İnşəallah, tezliklə tikinti işləri başa çatar və biz öz doğma yurdumuza qayıdıb bundan sonra qalan ömrümüzü öz vətənimizdə yaşayarıq”.
Qeyd edək ki, Ağdam şəhərin girişində də yaşayış binalarının inşa ediləcəyi nəzərdə tutulur. İrəlidə doğma yurdumuzu daha da canlandıran çoxlu sayda layihələr var.
Bu istiqamətdə bütün işlər Ağdamın inkişaf planına daxil edilib və mərhələli şəkildə yerinə yetirilir. Ağdam qısa zaman ərzində öz sakinlərini qoynuna alacaq. Vaxtilə ağ-ağ damları olan bu qədim Azərbaycan şəhərinə üz tutanlar onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdamla qarşılaşacaq. O gün uzaqda deyil!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.