SƏHİYYƏ

Qonşu ölkədə koronavirusun yeni dalğası başlayıb

Yeni Omikronun BA.5 növü "Delta" və digər növlərlə müqayisədə daha tez yayılır.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Gürcüstanda koronavirusun Omikron ştammının (BA.5) 7-ci dalğası başlayıb.
Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının həkimi Aleksandr Qoqinava "Rustavi2" televiziya kanalındakı çıxışında deyib. Bildirilir ki, iyunun 20-dən 26-dək ölkədə 1058 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb. Bu, son iki ayda ən böyük həftəlik yoluxma göstəricisidir.
Onun sözlərinə görə, Omikron ştammına yoluxma ilə əlaqədar xəstəxanaya müraciətlərin sayı artıb. Xəstəxanada yetərincə koronavirus xəstəsi var. Telefonla məsləhət alanların sayı isə daha çoxdur. Bu isə ölkədə koronavirus xəstələrinin sayının daha çox olduğunu deməyə əsas verir.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze isə deyib ki, BA.5 virusu artıq xeyli vaxtdır ki, ölkədə BA.2 virusunu əvəz edib.
Artıq yoluxanların yarıdan çoxunda BA.5 virusu aşkarlanır.
Beynəlxalq ekspertlərin qənaətinə görə, yeni Omikronun BA.5 növü "Delta" və digər növlərlə müqayisədə daha tez yayılır.
Ekspertlər hesab edirlər ki, vəziyyətdən yeganə çıxış yolu vaksinasiyadır.
Qeyd edək ki, son həftə ərzində Gürcüstanda cəmi 2 min nəfər vaksinasiya olunub.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.