BAKI, 30 iyun — Sputnik. İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb. Prezidentlərin bu dəfəki görüşü geo-siyasi təlatümlər fonunda xüsusilə diqqəq mərkəzində idi.
Xatırladaq ki, iki ölkə liderinin sonuncu görüşü cari ilin fevralında baş tutmuşdu.
Sputnik Azərbaycan Azərbaycan və Rusiya liderlərinin görüşü ilə bağlı politoloq Fərhad Məmmədovun və millət vəkili Rasim Musabəyovun fikirlərini öyrənib.
Millət vəkili Rasim Musabəyov bildirib ki, Azərabcyan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir: "Bizim ölkələrimiz arasında ticarət dövriyyəsi artır, müəyyən layihələr icra olunur. Biz bilirik ki, indi Rusiya nəqliyyat-logistika baxımından çətinlikllərlə üzləşib. Bu baxımdan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti artıb".
Millət vəkili Zəngəzur dəhlizi ilə bağlı davam edən proseslərə də toxunub və qeyd edib ki, bu dəhlizin reallaşmasında Rusiya Ermənistandan daha çox maraqlıdır:
"Çünki bu dəhliz Rusiyaya dəmiryolu vasitəsilə körfəzə çıxmağa imkan verəcək. Rusiya ətrafında baş verənlər olmasaydı belə, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasına israr edəcəkdi. Bu gün bu dəhliz reallığa çevrilib".
Politoloq Fərhad Məmmədov deyib ki, iki ölkə liderinin görüşü hər zaman əhəmiyyətli olub: "Nəzərə almalıyıq ki, bu görüşdən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə idi. Bu çox əhəmiyyətli məqamdır. Fikrimcə, Lavrovun Azərbaycana səfəri zamanı müzakirə olunmuş məsələlər Aşqabaddakı Prezidentlər səviyyəsində keçirilən görüşdə yekun şəkildə müzakirə olunub".
Politoloq Prezident İlham Əliyevin 2018-ci ildə Rusiyaya baş tutmuş səfərini xatırladıb. O qeyd edib ki, bu səfər çərçivəsində sosial-iqtisadi münasibətləri tənzimləmək üçün yol xəritələri müəyyən edilib: "Bu yol xəritələrini həyata keçirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu baxımdan Rusiya Baş nazirinin Azərbaycana gözlənilən səfəri xüsusi önəm kəsb edir".
Fərhad Məmmədov qeyd edib ki, digər önəmli məsələ Azərbaycan ictimaiyyətini dərindən maraqlandıran Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya bu məsələdə xüsusi rol oynayır:
"Azərbaycanın gözləntiləri üçtərəfli bəyanatda əks olunan müddəaların tam həyata keçirilməsidir. Bu məsələdə də Azərbaycan və Rusiyanın mövqeyi üst-üstə düşür".
Politoloq bildirib ki, digər maraqlı məqamlı isə böyük geo-siyasi dəyişikliklər fonunda Cənub istiqamətinin Rusiya üçün xüsusi maraq kəsb etməyə başlamasıdır:
"Nəqliyyat-logistika baxımından yolların daha böyük həcmdə yük ötürücülüyünü təmin etmək və yeni nəqliyyat dəhlizlərinin açılması istiqamətində Rusiya-Azərbaycan arasında fikir birliyi mövcuddur. Düşünürəm ki, prezidentlərin görüşündə bunlar da müzakirə predmeti olub".