AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Aşqabadda Rusiya lideri Vladimir Putinlə görüşüb

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.
Sputnik
BAKI, 30 iyun - Sputnik. İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.
Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etdi və bildirdi ki, Prezident Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Dövlətimizin başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.
***
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Dövlət başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxundu, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını dedi. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev, ilk növbədə Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə şəxsən təbrik etdi, fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Prezidenti bununla bağlı Sərdar Berdiməhəmmədova məktub ünvanladığını və telefonla təbrik etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı son vaxtlar Türkmənistanda əldə olunan davamlı inkişafın Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə də davam etdiriləcəyinə əminliyini bildirdi.
Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd etdi və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğuladı.
Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirdi, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğuladı.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə etdi.
***
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.
İran Prezidenti Seyid İbrahim Rəisi deyib:
- Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər.