BAKI, 30 iyun — Sputnik, Xalid Məmmədov. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.
Görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan Prezidenti Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib.
Dövlətimizin başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.
Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğulayıb.
Pakistan Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edilib. Həmçinin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi-ticari sahələrdə əməkdaşlığımızın genişləndirilməsinin, birbaşa hava əlaqəsinin bərpasının önəmi bildirilib.
Xatırladaq ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.