SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Misir prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Misir prezidentinin razılaşdırılacaq vaxtda Azərbaycana səfər edəcəyi vurğulanıb.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır.
Bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Misir Senatının sədri Abdel Vahab Abedel Rzaeq bildirib.
O, Misir prezidentinin razılaşdırılacaq vaxtda Azərbaycana səfər edəcəyini vurğulayıb.
Misir Senatının sədri Əbdülfəttah əs-Sisinin Misir və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə təbriklərini də çatdırıb.
Qeyd edək ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.
Dövlətimizin başçısı konfransda çıxış edib.
"Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Üç gün davam edəcək konfransda "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə" qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.