BAKI, 30 iyun — Sputnik. Son dövrlərdə kitab oxuycularının sayında azalma müşahidə edilir. Bölgələrdə bu hal daha tez nəzərə çarpır. Bunun səbəbini insanlarımız kitablara marağın azalması, texnika və texnologiyanın inkişafı və ya sosial şəbəkələrlə bağlayırlar. Hazırda kitabxanalara üz tutanlar isə əsasən imtahana və digər tapşırıqlara hazırlaşan tələbələrdir. Sputnik Azərbaycan-ın bölgə müxbiri Ağstafada oxucuların əsasən kimlər olduğunu və kitaba marağın artırılması üçün nə etmək lazım olmasını araşdırıb.
Ağstafa rayonunda mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət göstərir. Burada yetərincə kitab fondu formalaşıb. Yeni nəşrlər də gəlir. Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva ilə söhbət zamanı məlum olub ki, rayonun kitabxana sisteminin kitab fondu 377 mindən çoxdur. Lakİn buna baxmayaraq bir ay ərzində kitabxanaya təxminən 120-130 nəfər oxucu müraciət edir. O, bu rəqəmin ötən ildəkindən iki dəfə az olduğunu söyləyib:
Ağstafa rayonunda mərkəzləşdirilmiş kitabxana
© Sputnik / Ilham Mustafayev
“Yəqin bu müasir texnologiyalarla əlaqədardır. Bu saat gənc və orta telefonlara daha çox meyl göstərirlər. Maraqlananlar PDF lərdən istifadə edirlər. Ancaq ömrünün çox hissəsini kitabxana həsr etmiş bir insan kimi deyərdim ki, kitabın əvəzi yoxdur. Maraqlananlar, əsasən məktəblilər və tələbələrdir. Düzdür, onlardan əlavə də kitab üçün müraciət edənlər olur. Lakin onların sayı çox azdır. Yeni nəşrlər də mütamadi olaraq kitabxana fonduna daxil edilir. Hər yaşda və zövqdə oxucuları əhatə etmək üçün həm kiril, həm latın əlifbalı yeni kitablarımız olsa da oxucu azlığı müşahidə edilir”.
Kiabxanada olarkən oxu zalından deyilənləri aydın görmək olur. Zalda kitab oxuyan azsaylı oxuculardan biri olan Aysu Bayramlı kitaba marağın azalmasını belə izah edib:
“21-ci əsrdə yaşayrıq. Artıq hər şey texnologiyadan asılıdır. İstədiyimiz kitabın PDF-ni belə oradan oxuya bilirik. Mənim düşüncəm fərqlidir. Mən o kitabın arxasından istədiyim cümləni seçib işarələyə bilmirəmsə, yaxud o kitabı qatlayıb davam edə bilmirəmsə, mənim üçün mənasız olur. Təbii ki texnologiya dövrüdü deyə bir çox gənclər, yaşlı nəsil belə PDF-dən oxumağa başlayıblar. Marağı olmayanlara isə fərqi yoxdur, onlar nə kitab, nə də PDF formasında oxumağa maraqlı deyillər”.
Aysu Bayramlı
© Sputnik / Ilham Mustafayev
Rayonda oxumağa marağın az olmasını ayrıca bədii kitabların, əsərlərin satışını həyata keçirən kitab dükanlarının olmaması da göstərir. Bəzi dəftərxana və dərsliklərin satışı həyata keçirilən məkanlarda sadəcə bu cür kitablara bir guşə ayrılıb ki onların da sayı diqqət çəkəcək qədər azlıq təşkil edir. Rayon sakinləri özləri də etiraf edir ki, kitaba maraq istənilən səviyyədə deyil. Elçin Əlisgəndərov bunun səbəbİnİ internetdə görür:
“Təssüflər olsun ki son vaxtlar elə mən özümdə də, digərlərində də kitaba meyillilik çox azalıb. Bunun da əsas səbəbkarı məncə internetdir. Kitabı oxumaq üçün özünlə daşımalısan. Yaxud daha rahat mühit olmalıdır ki, onu açıb oxuya biləsən. Müəyyən fasilələr arasında məsələn, kitaba baxmaqdansa o qısa zamanı hansısa sosial şəbəkədə dəyərləndirmək daha effektiv olur. O səbəbdən kitab oxumaq istəyənlər də sosial şəbəkələrdə vaxt keçirirlər. Amma kitab oxumaq yaxşıdır. Kitabı oxuyursan, özün sərbəst mütaliə edirsən, sakit bir yerdə oxuyursan, fikirləşirsən, əsəblərin yerində olur”.
Ağstafa rayonunda mərkəzləşdirilmiş kitabxana
© Sputnik / Ilham Mustafayev
Dİgər sakin Səxavət İsmayılov isə axtardığı kitabları kitabxanalardan tapa bilmədiyi üçün internet versiyalara üstünlük verdiyini deyib:
“Kitabxanaya sonuncu dəfə 3 il bundan qabaq gedib kitab götürmüşəm. Oxumuşam. Bəzi vaxtlarda axtardığım kitabları ordan əldə edə bilməmişəm. Axtarış veriblər, görüblər ki mən istədiyim kitablar yoxdur. Elə olduqda elektron versiyasına müraciət etmişəm. Elektron veriyasında həmin kitabları tapmışam, bəhrələnmişəm, oxumuşam. Yaxşı olardı ki, kitabxanalarda da klassikadan əlavə, çox oxunan, bestseller nümunələrin sayı çox olsun”.
Bir vaxtlar park və xiyabanlarda, ictiami yerlərdə insanların əlində kitab tez tez görmək olurdu. İndi isə insanların, xüsusən də gənclərin əlində əksər hallarda telefon görmək olur. Bu dəyərli xəzinəyə maraq göstərib ondan yararlanmaq ən azı cəmiyyətdə bir insanın öz yerini daha da möhkəmlətməyə xidmət edir. Bir sözlə, indi bizə internet də, sosial şəbəkələr də lazım olduğu kimi kitab da çox lazımdır.