CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ginekoloqa qarşı zorakılıq edilib? Övladları istintaqa fərqli ifadələr veriblər

Qonşular deyir ki, Rüfət Kəngərli intihar etsəydi inanardılar, lakin Xalidə Kəngərlinin intiharı xəbərinə inanmırlar.
Sputnik
BAKI, 30 iyun — Sputnik. İyunun 27-də saat 17.00 radələrində 1984-cü il təvəllüdlü ginekoloq Xalidə Kəngərlinin ölüm xəbəri yayılıb. Onun ölümü ilə bağlı bir sıra iddialar irəli sürülüb. Kimi intihar etdiyi, kimi intihara təhrik edildiyi, kimi də həyat yoldaşı tərəfindən atıldığı barədə fikirlər səsləndirib.
Baş verən hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Sputnik Azərbaycan məsələnin təfərrüatlarını öyrənmək məqsədilə mərhumun qonşuları və ailə üzvləri ilə əlaqə saxlayıb.
Xalidə Kəngərli kim idi və ətrafında necə tanınırdı?
Bina sakinləri onun intihar xəbərinə inanmadıqlarını bildiriblər: "Xalidəni biz bir qadın kimi deyil, kişi kimi qəbul edirdik. Çox mərd, cəsarətli qadın idi, evin hər yükü də onun çiynində idi. Kommunal xərclərdən tutmuş bazarlığa qədər, liftdə yaranmış hansısa problemlə də Xalidə məşğul olurdu. Ümumiyyətlə, kənardan onların evlərinə gəlib-gedən olmurdu. Qardaşı da iki-üç il əvvələdək gəlirdi".
Bina sakinlərinin sözlərinə görə, Xalidə Kəngərli bir neçə sakinə öz vəsaiti hesabına lazım olan dərmanları alıb, müalicələrinə yardım edib: "O, çox güclü, iradəli qadın idi, heç cür onun intihar xəbərini qəbul edə bilmirik. O, ideal dərəcədə gözəl bir insan idi".
Onun həyat yoldaşı Rüfət Kəngərliyə gəldikdə isə qonşular deyir ki, adıçəkilən şəxslə sadəcə olaraq, salam-sağ olları vardı:

"Onu 8 ildir ki, tanıyırıq. Psixologiyası, hər bir şeyi normal idi. Heç zaman kiminsə işinə qarışmayıb. Desələr ki, Xalidə Rüfəti pəncərədən atıb, bəlkə də inanardıq. Amma Rüfətin onu pəncərədən atmasına inanmırıq. Bu da inandırıcı deyil. O, göydə milçəyin uçduğunu görəndə dayanır ki, milçək rahat uçsun, sonra keçsin. Həyat yoldaşı heç kəsə zərəri dəyməyən insan idi. O kişi intihar etsəydi, buna inanardıq ki, iradəsi zəif ola bilər. Amma Xalidə iradəsi zəif biri deyildi. Yenə də istintaq hər şeyi üzə çıxaracaq".

"Kənardan münasibətləri normal görünürdü. Yəni çöldə-bayırda bunların hansısa dava-dalaşı eşidilməyib. Amma yəqin ki, evdə söz-söhbətlər olub. Çünki tərəflər ayrılmağa hazırlaşırdılar", - deyə digər qonşu əlavə edib.
Hazırda evə heç kəsin buraxılmadığı, mənzil və avtomobildən maddi sübutların götürüldüyü deyilir.
Qeyd edək ki, Xalidə Kəngərlinin övladlarından oğlunun 8, qızının isə 11 yaşı var. Onun həyat yoldaşı Rüfət Kəngərli Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur.
Vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a Xalidə Kəngərlinin bir müddət əvvəl boşanmaq üçün müraciət etdiyini bildirib. O həmçinin bildirib ki, Xalidə Kəngərlinin ölüm faktı ilə bağlı hazırda prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb:

"Bu maddənin mahiyyəti "özünüöldürmə həddinə çatdırmaq"dır. İstintaq gedir. Onun ölüm səbəbləri araşdırılır. Vizual olaraq, istintaq orqanlarının hadisə yerindən əldə etdikləri ilkin informasiyalara görə, Xalidə Kəngərli özünü öldürüb. Ailə məsələsinə, hadisəyə qədərki vəziyyətə gəldikdə isə X.Kəngərli boşanmaq üçün müracit etmişdi. Təbii ki, ortada zorakılıq olmasaydı, o, boşanmaq istəməzdi".

"Həqiqətən də istintaq yekun nəticəyə gəlsə ki, bu hadisə özünüöldürmə həddinə çatdırmadır, bu zaman qanunvericiliyə müvafiq olaraq, dispassiv əlamət kimi mütəmadi amansız rəftaretmə, zor tətbiqetmə göstəriləcək. Zorakılıq olmadıqda insan necə özünü öldürə bilər ki?! Onun ölümündə imkansızlıq faktorunun da rolu yoxdur. Sosial vəziyyətləri çox yaxşı olub. Xalidə xanımın özünün alimdən tutmuş ziyalıyadək nə qədər xəstəsi var idi. Bir qadın olaraq orta statistik azərbaycanlıdan iki dəfə də artıq qazanırdı", - deyə vəkil əlavə edib.
Vəkil tərəflərdən hansısa birinin psixoloji probleminin olmadığını da deyib: "Psixoloji problemi olan dövlət qulluqçusu ola bilməz. Belə şəxs ancaq hansısa dispanserdə yata bilər".
Qardaşı Elçin Vəliyev isə Sputnik Azərbaycan-a bildirib ki, mərhumun övladları istintaqa ifadə verib:

"Uşaqlar iki dəfə istintaqa ifadə veriblər. Lakin birinci və ikinci ifadələr bir-birindən fərqli olub. Onlar hazırda əmilərinin nəzarətindədirlər, onların evlərindədirlər. Bizim ehtimalımıza görə, bu hadisə ən pis halda intihara sürükləməkdir. Ailədaxili münaqişələri, əlavə söz-söhbətləri var idi. Rüfət tez-tez içkili gəlib bacımı döyürdü. Bacım özü də deyirdi ki, həyat yoldaşı onu döyür. Hadisə baş verən günü də bacım evdən çıxacaqdı, bir yerdə yaşamayacaqdılar".

Elçin Vəliyev bacısı uşaqlarının bu hadisədən ağır sarsıntı keçirdiklərini də əlavə edib.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.