BAKI, 1 iyul — Sputnik. Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 min nəfərdən çox vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılıb. Sənədlər "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
Müdafiə Nazirliyinin "Facebook" səhifəsində gedən məlumata görə, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün "Zəfər" altsisteminə daxil ediləcək.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 manat) təyin edilməsi və 2022-ci il yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 min nəfərə "Müharibə veteranı" adı verilib.
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına "Müharibə veteranı" adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.