BAKI, 30 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deputat Etibar Əliyevin idarənin müdir müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə səsləndirdiyi iddialarına münasibət bildirib.
İdarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur.
"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları var, rəsmi qurumlar var. Ora müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Hesab edirəm ki, iddialar əsaslı olmalıdır. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın" - deyə o qeyd edib.
Xatırladaq ki, Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, Azərbaycan məktəbləri əsl poliqona çevrilib.
Modern.az-ın məlumatına görə, E.Əliyev qeyd edib ki, uşaqlarla "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulmasına başlanılıb:
"Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur.
Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. Bakı Şəhər Təhsil İdarəsinin müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir... Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib".
"Məktəbi dağıdanlardan qoruyaq!", - deputat sonda çağırış edib.